Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və təhsilimiz” adlı tədbir keçirilmişdir. Millət vəkilləri, Laçın rayon ziyalıları və Laçın şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan təhsilinə, elm və təhsil adamlarına xüsusi diqqət və qayğısından, dünyəvi təhsilə inteqrasiyaya hesablanmış köklü islahatlardan danışmışdır. Qeyd olunmuşdur ki, müstəqilliyin bərpasından sonra elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil etmiş, ulu öndərin həyata keçirdiyi hər bir islahatın əsasında isə məhz milli təəssübkeşlik, milli-mənəvi dəyərlərə ehtiram dayanmışdır. Natiq Azərbaycan gənclərinin vətəninə layiqli övlad, dövlətinə və xalqına bağlı vətəndaş, milli-mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi yetişdirilməsi missiyasının müəllimlərin üzərinə düşdüyünü vurğulamaqla ana dilinə sevginin aşılanmasında təhsil ocaqlarının rolunu xüsusi qeyd etmişdir.
Laçın şəhər 1 nömrəli tam orta məktəbin direktoru Vəfa İsmayılova Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə təhsil infrastrukturunun inkişafına yönəlmiş təbdirlərdən, milli kadrların hazırlanması məqsədilə gənclərin ölkə xaricinə göndərilməsindən, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, eləcə də şagirdlərin təhsildən kənarda qalmaması üçün atılan addımlardan danışaraq 44 günlük müharibədə Azərbaycan oğullarının göstərdikləri qəhrəmanlığı təhsil ocaqlarında milli ruhun və vətənpərvərliyin təbliğinin nəticəsi kimi dəyərləndirmişdir. Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikri ilə çıxışına başlayan millət vəkili Etibar Əliyev maarifləndirmə işinin vüsət almasında ulu öndərin müstəsna xidmətlərindən bəhs edərək ölkəyə rəhbərlik etdiyi dövrdə insan kapitalının inkişafına yönəlmiş təhsil siyasətinin miqyasını əks etdirən statistik göstəriciləri nəzərə çatdırmışdır. Çıxış edən millət vəkili Cavanşir Feyziyev əbədiyaşar liderin milli-mənəvi dəyərlərə verdiyi yüksək qiymətin fonunda Azərbaycan dilinin dövlət dili kimi təsbitlənməsini xalqımız qarşısında ən böyük tarixi xidmətlərdən biri kimi səciyyələndirmiş, təhsil və dil məsələsinin vəhdətinin ulu öndər üçün hər zaman prioritet məsələ olduğunu vurğulamışdır. Digər çıxışçılar Laçın şəhər 1 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Niyazi İbrahimov, sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini Lətifə İmanova, tarix müəllimi Nüşabə Məmmədova, Laçın rayon Bəhmən Səfərəliyev adına Pircahan kənd tam orta məktəbinin direktoru Ruhiyyə Rzaquliyeva ulu öndərin zəngin irsinin öyrənilməsinin və gənc nəsillərə təbliğ edilməsinin təhsil işçilərinin əsas vəzifələrindən olduğunu bildirmişlər.
Ulu öndərə həsr olunmuş poeziya nümunələrini təqdim edən Laçın şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri Mədinə İbrahimli, Nicat Məmmədli, Fatimə Məmmədovaya bədii qiraət bacarıqlarına və ana dili sevgisinə görə xatirə hədiyyələri verilmişdir.
Gənc nəslin vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə edilməsi, şagirdlərə milli kimliyimiz olan Azərbaycan dilinə sevginin aşılanması, dövlət dilinin tədrisi və təbliğindəki xidmətlərinə görə Vəfa İsmayılova Monitorinq Mərkəzinin Fəxri fərmanı ilə təltif edilmişdir.