image-68backend

İcma sədri: “Ermənilər Hadrutdakı “Ağ xaç” kilsəsini də saxtalaşdırıblar”

image-reklam_sirab_01

Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icması erməni işğalından azad edilən Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən “Ağ xaç” kilsəni ziyarət ediblər.

“Report”un Xocavənd rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, icma nümayəndələri məbəddə dini ayinləri icra ediblər və şamlar yandırıblar.

Alban-Udi xristian dini icmasının sədri Robert Mobili jurnalistlərə açıqlamasında kilsədə aparılan erməni saxtakarlıqlarından danışıb: “Bu gün icmamızla Hadrut qəsəbəsindəki kilsələri ziyarətə gəlmişik. Çünki bura da qədim Alban-Udi irsi ilə zəngindir. X-XII əsrlərə aid kilsələr var. Burada ən böyük kilsə Çinarlı kəndindəki “Ağ xaç” kilsəsidir. Ermənilər bu kilsələrin üzərində nə qədər dəyişiklik və saxtalaşdırma etsələr də, alban kilsəsinə aid simvol və elementlər qalıb. Biz hər zaman şəhidlərimiz üçün dualar edəcəyik. Çünki buralara onların sayəsində, canları bahasına gələ bilirik. Burada islam dini ilə bağlı mədəni irsin böyük hissəsi silinib, dağılıb. Bir tərəfdən də ermənilər saxtalaşdırıblar. Bu günkü məqsədimiz alban-xristian irsimizi qoruyub gələcək nəsillərə çatdırmaqdır”.

“Bu, mənim Hadrutadakı kilsələrə ikinci ziyarətimdir. Buradakı “Ağ xaç”, “Müqəddəs Məryəm” və Hünərli kəndindəki kilsələrinin böyük hissəsi saxtalaşdırılıb. Hətta burada erməni katolik kilsəsi təsirini görürük. Çünki buradakı oturacaqlarda ortodoks kilsəsinə xas olmayan elementlər var. Həmçinin erməni qriqorian kilsəsinin simvolları var. Onlar nə qədər saxtalaşdırsalar da, daşların üzərində olan elementlər, izlər qalıb”, – o vurğulayıb.

Səfər çərçivəsində növbəti ziyarət “Müqəddəs Məryəm” və Hünərli kəndindəki kilsəyə olacaq.

Qeyd edək ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilir.

Xatırladaq ki, Alban-Udi xristian dini icması üzvləri daha əvvəl Kəlbəcər rayonundakı Xudavəng monastırını və Laçın rayonundakı Ağoğlan məbədini ziyarət ediblər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki