Fərəməz Novruzoğlu YAZIR
Dünyanın yeni supergücü – Şərqin iqtisadi möcüzəsi Çin küncə sıxışdırılır…
Mənim, bir fərd olaraq, qonşu İrandakı klerikal rejimə münasibətim bəllidir: onu günahım qədər sevmirəm! ABŞ-yə də münasibətim fərqli deyil – dünyanın jandarmı rolunu oynayan bu siyasi bədheybətə hər zaman hədsiz nifrət və ikrah hissiylə yanaşmışam. Hazırda “Yaxın Şərq Böyük Dram Teatrı”nda oynanan siyasi faciənin ana rol ifaçılarından 3-cüsü İsraili isə Azərbaycanın strateji tərəfdaşı və dostu hesab edirəm. Bütün bunlara rəğmən, çalışacağam ki, son hadisələrə bitərəf mövqedən və obyektiv yanaşım. Bunu nə qədər bacaracağam, ona oxucular qiymət verəcək…
Hal-hazırda hər kəsi maraqlandıran bir sual var: Nə baş verir, Amerika müttəfiqi İsrail ilə birlikdə İranı niyə vurdu, buna gərək vardımı?
Ötən ilin yayında (2025-ci ilin iyun ayı) həyata keçirilən “Midnight Hammer” (“Gecəyarısı çəkici”) əməliyyatını başa düşmək olar. Həm İsrail (İrandan ehtiyat etməyə onun daha çox haqqı çatır), həm də onun ən yaxın müttəfiqi ABŞ İranın nüvə proqramının bütün region üçün (ələlxüsus da İsrail) təhlükə törətdiyini əsas götürərək, adı çəkilən əməliyyatı həyata keçirdilər. İranpərəst qüvvələr (molla rejiminin Azərbaycandakı tərəfdarları da bura daxildir) əməliyyatın beynəlxalq hüquqa zidd olduğunu vurğulayırdılar. Onlar bunu onunla əsaslandırırdılar ki, niyə ABŞ və İsrail nüvə silahına malik ola bilər, ancaq İranın buna cəhd etməsinin qarşısı alınır? İlk baxışda haqlı irad kimi görünə bilər. Lakin məsələnin dərininə gedəndə bu iradın beynəlxalq hüquqla ziddiyyət təşkil etdiyini görə bilərik. Niyə? Gəlin baxaq:
– əvvəla, irad sahiblərinin, şübhəsiz ki, “Nüvə silahlarının yayılmaması haqqında müqavilədən” (NPT – Treaty on the Non-Proliferation of Nuclear Weapons) xəbərləri yoxdur. Müqavilənin əsas məqsədləri və prinsipləri ondan ibarətdir ki, nüvə silahının yayılmaması üçün bu silaha sahib olmayan ölkələrin buna cəhdinin qarşısı alınsın; nüvə silahına sahib olan dövlətlər isə öz arsenalını azaltsın və gələcəkdə tam tərksilaha yönəlsin; nüvə enerjisindən yalnız dinc məqsədlərlə (məsələn, elektrik istehsalı) istifadə olunsun, hər dövlət üçün bu hüquq tanınır;
– İran bu müqaviləyə qoşulsa da (1968-ci ildə imzalamış, 1970-ci ildə ratifikasiya edərək rəsmən üzv olmuşdur), şərtlərə əməl etmir. Belə ki, İran müqaviləyə “nüvə silahına malik olmayan dövlət” kimi qoşulub və nüvə silahı əldə etməyəcəyinə dair beynəlxalq öhdəlik götürüb. Öhdəliklərə əməl etməyən üzv haqqında ciddi tədbirlər görülməsi də müqavilənin dəyişməyən şərtlərindəndir;
– ABŞ müqaviləyə “nüvə silahına malik dövlət” kimi qoşulub və aradan keçən 60 il ərzində özünün nüvə arsenalının 2/3-ni ləğv edib, yəni müqavilənin şərtlərinə uyğun hərəkət edib;
– İsrailə gəlincə, o, heç bir zaman müqaviləni imzalamayıb, öhdəlik götürməyib və onu nədəsə günahlandırmaq absurddur. Burada bir nüansa da xüsusilə diqqət çəkmək lazımdır ki, İsrail bu müqavilə ortaya çıxanda artıq atom silahına sahib idi (1967-ci ildə ilk silahını əldə edib). İsrailin müqaviləyə qoşulmamasını irad tutanlara onun əsas arqumenti odur ki, NPT-yə qoşulmaq regiondakı təhlükəsizlik reallıqları ilə uyğunlaşmır və yalnız bütün Yaxın Şərq ölkələri arasında sülh və qarşılıqlı etimad yarandıqdan sonra nüvə nəzarəti mexanizmləri müzakirə edilə bilər.
İsrailə burada haqq verilməlidir. Niyə? Çünki müqaviləyə qoşulan İran götürdüyü öhdəliklərə əməl etmir, uranı 60 %-ə qədər zənginləşdirir ki, bu da nüvə silahı əldə etməyin bir addımlığında olmaq deməkdir, üstəlik də, açıq şəkildə “İsraili xəritədən silib, yox edəcəyik” kimi bəyənatlar verir. Bütün bunlar İranı haqsız duruma düşürür, ona zərbə endirən İsrail və müttəfiqi ABŞ-ni isə haqlı edir. Məsələyə bu bucaqdan baxsaq, keçən il yayda başladılan Midnight Hammer” (“Gecəyarısı çəkici”) əməliyyatını beynəlxalq hüquq çərçivəsində həyata keçirildiyini qəbul edə bilərik. Amma indiki əməliyyat… Bu haqda bir qədər sonra…
“Midnight Hammer” (“Gecəyarısı çəkici”) əməliyyatı zamanı ABŞ və İsrail İranın əsas nüvə obyektlərini (Nətənz, Fordo, İsfahan) vurduqlarını və proqramı “məhv etdiklərini” bəyan etmişdilər. Doğrudan da bu əməliyyat beynəlxalq ekspertlər tərəfindən ABŞ-nin İranın nüvə obyektlərini hədəf alan və ilk dəfə GBU-57 kimi nəhəng bunker məhvedici bombaların istifadə edildiyi əsas hərbi addımlardan biri kimi qiymətləndirilir. ABŞ rəsmiləri də əməliyyatın uğurlu olduğunu, İranın nüvə proqramına ciddi ziyan vurduqlarını dəfələrlə bildirmişlər. Onlar Fordo, Natanz, İsfahandakı hədəflərin son dərəcə ağır zədə aldığını, Natanz obyektinin tamamilə məhv edildiyini bildirmişdilər. Hətta prezident Donald Tramp İranın nüvə proqramının “tamamilə məhv edildiyini” bəyan etmişdi. Lakin indiki əməliyyat ərəfəsində Pentaqon belə bir bəyanat yaydı ki, keçən ilin yayında keçirilən əməliyyat İranın nüvə proqramını 2 il geriyə salıb. Diqqət edin: əvvəlcə proqramın “tamamilə məhv edildiyi” bildirilir, sonra isə “2 il” söhbəti ortaya çıxır. Bu da onu göstərir ki, ABŞ yeni bir əməliyyata – İranın hərbi və neft infrastrukturunu hədəf alan daha genişmiqyaslı “Epic Fury” əməliyyatına hüquqi don geydirmək üçün zəmin hazırlayırmış. Yəni nüvə obyektlərinə ciddi ziyan dəysə də, iki il sonra yenidən təhlükəli səviyyəyə çata bilər kimi bəhanələr…
***
ABŞ rəsmiləri hazırkı (2026-cı ilin fevral-mart) savaşın və yeni zərbələrin bir neçə əsas səbəbini belə təqdim edirlər:
– İran nüvə proqramını bərpa edib; gizli şəkildə “yeni yerlərdə” və yerin altında nüvə infrastrukturunu bərpa etməyə başlayıblar;
– İran çox qısa müddətdə nüvə başlığına sahib ola bilər, bu barədə ciddi kəşfiyyat məlumatları əldə ediblər;
– bunlar nəzərə alınaraq, tam tərksilah tələbi irəli sürülür. Tramp administrasiyası yalnız obyektlərin vurulması ilə kifayətlənmir, bütün nüvə infrastrukturunun tamamilə sökülməsini, zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını, SEPAH-ın tamamilə silahı yerə qoymasını tələb edirlər;
– raket potensialı və proksilər barədə də tələblər irəli sürülür: nüvə obyektləri vurulsa da, İranın geniş raket arsenalı və regional müttəfiqləri (Hizbullah, husilər və s.) hələ də İsrail üçün birbaşa təhdid hesab olunur.
Hadisələrin gedişatından da görürük ki, hazırkı hücumların hədəfləri arasında təkcə nüvə mərkəzləri deyil, həm də raket istehsalı müəssisələri və hərbi komandanlıq mərkəzləri yer alır. Qarşılıqlı qisasa çevrilən müharibədə 2025-ci ildəki 12 günlük müharibədən sonra hər iki tərəf bir-birinə qarşı “qabaqlayıcı zərbələr” və qisas hücumları endirməyə davam edir, bu da münaqişəni sonu görünməyən bir dövrəyə salıb. Amerikaya da elə bu lazımdır… Doğrudur, onlar əvvəlki bəyanatlarından fərqli olaraq, indi iddia edirlər ki, keçən ilki zərbələr proqrama böyük ziyan vursa da, nə Tehran siyasi hədəflərini dəyişib, nə də Vaşinqtonun “tam təslimiyyət” tələblərini ödəyib, bu səbəblə də hazırkı savaş bu yarımçıq qalmış prosesin növbəti mərhələsidir. Əslində isə, hazırkı əməliyyatın əsil səbəbi tamam başqadır…
***
Yuxarıda da qeyd etdiyim kimi, keçən il Donald Tramp adminstrasiyası İranın nüvə proqramını tamamilə məhv etdiklərini bildirsə də, Venesuela olayından (müstəqil və suveren ölkənin prezidentinin oğrlanması) sonra yenidən bu məsələ onlar üçün prioritet oldu. Sən demə, “tamamilə məhv edilən proqramı” İran yenidən bərpa edib və hətta iki həftəyə nüvə başlıqları əldə edə bilərmişlər.
Bu, yalandır! Həm də AĞ YALAN!!!
Keçən ilki hücumlardan sonra İranın nüvə proqramında əvvəlki səviyyəsinə qayıtması üçün ən az 5-6 il lazımdır. Trampın “İran nüvə proqramını bərpa edib” bəhanəsi, əslində, ona (İrana) növbəti hücuma hüquqi don geydirməkdir. İndiki savaşda əsas məqsəd getdikcə böyüyən iqtisadi gücün – Şərqin Çin möcüzəsinin inkişafının qarşısını almaq, onu ucuz İran və Venesuela neftindən məhrum etməkdir. Bu, çox dəqiq, ən incəliyinə qədər düşünülmüş planın tərkib hissəsidir. Amerikalı ekspertlər ABŞ-nin bu tavrını hadisələrə “realpoltik yanaşma” kimi qələmə verir və “praqmatizm”, “milli maraqlar, yəni dövlətin təhlükəsizliyi və mənfəəti hər cür etik dəyərdən üstün tutulmalıdır” və “güc faktoru, yəni beynəlxalq münasibətlərin əsas hərəkətverici qüvvəsinin güc (hərbi, iqtisadi və s.) olduğu” kimi “ciddi arqumentlər”lə əsaslandırırlar.
Bir daha bu suala qayıdaq: keçən ilin yayında hücumlar zamanı texniki baxımdan “hər şey məhv edilmişdisə”, cəmi bir neçə aya nüvə bombası hazırlamaq fiziki qanunlara zidd görünmürmü? Bu sualın cavabı “aysberqin görünməyən tərəfi”ni, yəni Çin faktorunu, onunla Qərb arasında enerji müharibəsinin əsas konturlarını ortaya çıxarır. Gəlin məsələnin bu tərəfini bir az daha dərindən analiz edək:
1. Çinin enerji blokadası – Çin dünyanın ən böyük enerji idxalçısıdır; Venesuela və İran onun üçün həm ucuz, həm də ABŞ-nin nəzarət etmədiyi (Süveyş kanalı və ya Malakka boğazından keçməyən quru və dəniz yolları) strateji resurs bazasıdır.
İran və Venesuela sanksiyalardan yayınmaq üçün nefti Çinə bazar qiymətindən xeyli aşağı qiymətə satırdı. Bu da Çin iqtisadiyyatına rəqabət üstünlüyü verirdi.
İranın vurulması və nəticədə tam nəzarətə götürülməsi Çinin “Bir kəmər, bir yol” layihəsinin mərkəzi qovşağını sıradan çıxarmaq deməkdir;
2. “İki həftə” bəhanəsi: niyə indi? Tramp administrasiyasının “iki həftəyə bomba hazırlayacaqlar” ritorikası, adətən, böyük hərbi əməliyyatlara ictimai və hüquqi zəmin hazırlamaq üçün istifadə olunur. 2003-cü ildə İraqda “kütləvi qırğın silahları” bəhanəsi necə işləmişdisə, indi də bənzər mexanizm işə salınır. Məqsəd də “nüvə təhlükəsi”ni qabartmaqla, İranın bütün iqtisadi infrastrukturunu (neft terminalları, limanlar) hədəf almağa legitimlik qazandırmaqdır;
3. Venesuela və qlobal təchizat zənciri – oxucu haqlı olaraq sual edə bilər: İran və Venesuela hadisələrinin bir-biriylə nə əlaqəsi ola bilər? Amerika Venesuelanı nəzarətə götürməklə İrana genişmiqyaslı hücumlar üçün münbit şərait yaratdı. ABŞ-nin eyni vaxtda həm İrana, həm də Venesuelaya təzyiqi artırması göstərir ki, hədəf təkcə “rejim dəyişikliyi” deyil, həm də qlobal enerji xəritəsini yenidən çəkməkdir. Çini Rusiya (bəs bunu necə edəcək? İrəlidə buna daha ətraflı aydınlıq gətirəcəyik), İran və Venesuela kimi “anti-qərb” enerji mənbələrindən məhrum etmək, Pekini ABŞ-nin müttəfiqləri olan körfəz ölkələrindən (BƏƏ, Səudiyyə Ərəbistanı və s.) asılı vəziyyəti salmaq deməkdir;
4. Geopolitik rəqabət: ABŞ və Çin qarşıdurması – hazırkı savaş artıq bir lokal İsrail-İran münaqişəsi deyil. Bu, Böyük Güclərin Rəqabətinin (Great Power Competition) Yaxın Şərq cəbhəsidir. İranın sıradan çıxarılması, Çinin Yaxın Şərqdəki artan təsirini (məsələn, Səudiyyə və İran arasındakı Çin vasitəçiliyi ilə əldə olunan barışığı xatırlayaq) sıfırlamaq cəhdidir. Nəticə etibarilə, yuxarıda qeyd etdiyimiz “nüvə məsələsi sadəcə bir bəhanədir” iddiamız burada olduqca məntiqli görünür. Reallıq onu göstərir ki, söhbət İranın nüvə başlıqlarından çox, onun Çinin enerji təhlükəsizliyindəki rolundan və dolların neft bazarındakı hegemonluğuna (petrodollar) qarşı yaradılan alternativlərdən gedir…
ARDI VAR


























