image-download-2backend

İllərin zəhmətinin bəhrəsi- 15 İyun, Milli Qurtuluş Günü!

image-reklam_sirab_01

 

15 iyun Azərbaycan xalqının tarixində ən dəyərli günlərdən biridir. Bu günü dəyərli edən əsas amil Ulu Öndərin ölkəmizi küllərindən yenidən doğrultmasıdır.  Buna görə də  Qurtuluş günü adlandırılan bu tarixi hadisə Azərbaycan xalqı yaşadıqca öz dəyərini itirməyəcəkdir.

Bu il 15 iyun tarixi digərlərindən daha fərqli və daha qiymətlidir. Çünki bu dəfə azad olunmuş, müqəddəs Qarabağ torpaqlarında, Şuşada keçirilir. Bu dəyərli gündə həm sevincimizə, həm dərdimizə şərik olan qardaş ölkə Türkiyə də bizimlə bərabərdir. Həm dövlət başçımız, həm də xalqımız üçün dostluğu və qardaşlığı dəyərli olan Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri çərçivəsində Şuşanı ziyarət etməsi və hər iki dövlətin, hər iki xalqın tarixində xüsusi hərflərlə adı yazılacaq “Şuşa Bəyannamə” sinin imzalanması 15 iyun tarixini ikiqat xüsusiləşdirdi.

Bu günü xalqımız üçün dəyərli edən əsas xüsusiyyət tarixi hadisənin respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlatması ilə bağlıdır. Ulu öndərin Ali Sovetin Sədri seçilməsi Azərbaycanda eyni zamanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin etmişdir.

Heydər Əliyev parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması tədbirlərinə başlamış, yüksək idarəçilik keyfiyyətləri sayəsində ali qanunverici orqanda xoşagəlməz siyasi çəkişmələrin, qeyri-etik davranışların qarşısını almışdır. Müzakirə və diskussiyaların sivil, demokratik meyarlar çərçivəsində aparılması üçün şəxsi nümunə göstərmiş, parlament idarəçiliyinə yeni ruh və müasirlik gətirmişdir.

Bu tarix yaddaşlarda Azərbaycanın dağılmaq təhlükəsi ilə üzbəüz qaldığı 1990-cı illər baş vermiş hadisələrlə – xalqının təkidi və tələbi ilə hakimiyyətə qayıdan böyük Heydər Əliyevin ölkənin, millətin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürməsi, uzun illər davam edən gərginliyin, qarşıdurmaların aradan qaldırılması, respublikamızın vətəndaş müharibəsindən, parçalanmadan xilas edilməsi kimi taleyüklü tarixi olaylarla qalıb.

Heydər Əliyevin xalqının xilaskarı adlandırılması faktı bu tarixi günlə bağlıdır. Özünə qarşı edilən hörmətsizliklərə, təziqlərə baxmayaraq Ulu öndər Heydər Əliyev xalqını yalnız buraxmamış, bu dar günündə irəli çıxmış, düşmənə sinə gərmişdir. Rəhbər bu işin ağırlığını, məsuliyyətini anlayırdı, ancaq bu çətin vəziyyətdən çıxış yolu axtarır, dar zamanda Vətəni atıb qaçanlardan olmamaq üçün əlindən gələni edirdi. Bunun üçün gecə-gündüz çalışır, layihələr üzərində işləyir, xarici ölkələrlə əlaqələr yaradır, ölkə daxilindəki ixtişaşların qarşısını almaq üçün mübarizə aparırdı.

Məhz bu yuxusuz gecələrin, ağır zəhmətin nəticəsi olaraq ümumilli liderimiz biz gənclərə bu günkü Azərbaycanı əmanət etmişdir- bütöv, müstəqil, güclü və sürətlə inkişaf edən. Biz gənclər bu əmanəti göz bəbəyimiz kimi qorumalı, daha da mükəmməl səviyyədə özümüzdən sonrakı nəsillərə pay verməliyik. Keçmişdə buraxılan səhvləri unutmamalı, onlardan dərs almalı, edilən xətaları təkrarlamağa çalışmalıyıq. Gələcək nəsillər itirilmiş əmanətin geri qaytarılması üçün deyil, bütövlüyünü qorumaq üçün çalışsın deyə, qara günlər bir daha yaşanmasın deyə…

Azərbaycan Dillər Universiteti tələbəsi, Nəsimi rayon gənci

Şəmilova Dünya Mərdan qızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki