Tarix boyu Azərbaycan xalqı hər zaman əmin-amanlıq tərəfdarı olmuşdur. Lakin işğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı. Azərbaycan ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək.
27 il işğal altında qalan Cəbrayıl nəhayət ki, 2020-ci il oktyabrın 4-də müzəffər Azərbaycan ordusunun gücü sayəsində düşməndən azad edilmişdir. Mənfur düşmən tərəfindən işğal edildikdən sonra Cəbrayıl rayonunun bir sıra maddi-mədəni abidələrinin məhv edilmiş və ya dağıntıya məruz qalmışdır. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmişdir və Cocuq Mərcanlı kəndi isə Azərbaycan ordusunun nəzarətinə keçmişdir. Vətən müharibəsi zamanı isə Cəbrayıl rayonu işğaldan tamamilə azad edilmişdir. İşğaldan azad edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeya 2020-ci il noyabrın 16-da Cəbrayıl rayonuna səfər etmişdir. Xudafərin körpüsünün işğaldan azad edilməsi və Azərbaycan ordusu tərəfindən bayrağın ucaldılmasının böyük tarixi əhəmiyyəti vardır. Çünki Xudafərin körpüsü xalqımızın tarixində həm də milli qürur məsələsidir.
44 günlük müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılmışdır. Ali Baş Komandanın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi ordumuzu hər gün zəfərdən-zəfərə aparan şüara çevrilmişdir. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.
Fehruzzadə Xatirə Qurban qızı