image-imagesbackend

İşğaldan azad olunmuş ərazilərin vəziyyəti erməni vandalizmin sübutudur.

image-reklam_sirab_01

Bugünlərdə Azərbaycanın ən yeni tarixinin ən şanlı səhifələrinin yazıldığı torpaqlara Ali Baş Komandan İlham Əliyev, birinci vitse-prezident xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səfər etmişdir. Səfər bir çox vacib məqamlarla yadda qalan oldu. Belə ki, səfər çərçivəsində ölkə başçımız tərəfindən bir sıra vacib yolların təməli qoyulmuş, məbədlər ziyarət olunmuş və Azıx mağarasına səfər reallaşdırılmışdır. Əlbəttə ki, işğaldan azad olunmuş torpaqlarımıza ölkə başçısının qalib Ordunun Ali Baş Komandanı kimi hər gedişi bizlərdə qürur doğurur. Çox yaxın keçmişə kimi həsrətlə baxdığımız o torpaqlarda bugün Azərbaycan Ordusunun tam hakim mövqedə olmağı, dövlətimizin o torpaqlarda infrastruktur, yenidənqurma və bərpa işləri görməyi bizləri sevindirir. Qeyd edək ki, azad olunmuş ərazilərə sadəcə ölkə başçısı deyil, müxtəlif ölkələrin diplomatik nümayəndələri, yerli media orqanları və QHT rəhbərləri, bloqerlər və ictimai fəallar da səfər edirlər. Hər səfərdən sonra dəqiq olan bir şey nəzərə çarpır ki, o da işğaldan azad olunmuş ərazilərdə erməni quldurları tərəfindən törədilən dağıntıların və baş verən vandalizm aktlarının miqyasının nə qədər geniş olduğu. Erməni terrorçularının tapdağı altına düşənə qədər cənnət məkan olan torpaqlarımız hazırda ölü şəhərlərə çevrilmişdir. Bəli, vaxtilə on minlərlə insanın yaşadığı, qaynar həyatın olduğu şəhərlərimizdə indi salamat bir bina, bir tikili qalmayıb. Erməni işğalçıları xislətlərinə uyğun olaraq, şəhərlərimizi xarabalığa çevirib, darmadağın ediblər. Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı şəhərləri sözün əsl mənasında “Ruhlar şəhəri”ndən fərqsizdir. Ancaq heç nəyə baxmayaraq bizlər ümid və qürur doluyuq. Çünki, biz bilirik ki, Azərbaycan dövləti torpaqlarımızı işğaldan azad etdiyi kimi, həmin torpaqlarda yenidən həyatın bərpa olunmasını da təmin edəcək. Ölkə başçısının 15 mart tarixli Füzuli və Xocavənd rayonlarına səfəri zamanı dediyi kimi, həyatımızın yeni dövrü başlayır-quruculuq, inkişaf, torpaqlarımızın bərpası dövrü.

Prezident İlham Əliyevin Xocavənd səfəri zamanı səsləndirdiyi fikirlərdən biri Azərbaycan əsgərinin yüksək mənəvi keyfiyyətlərə sahib olması və müharibəni sadəcə əli silahlı düşmən ordusu ilə apardığı barədə oldu. Əlbəttə ki, bu, olduqca əhəmiyyətli bir açıqlama idi. Ölkə başçısı tərəfindən daha əvvəl də dəfələrlə səsləndirilmiş bu fikir tamamilə reallıqdır. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşada, Xocavəndin kəndlərində dağıntılar yoxdur. Olan dağıntılar isə sadəcə erməni tərəfinin torpaqlarımızdan çıxarkən etdiyi vandalizmin təcəssümüdür. Ermənistan tərəfinin illərdir işğal altında saxladığı torpaqlardan çıxarkən yandırıb-dağıtmasına, öz əlləri ilə şəhərlərimizi yerlə-yeksan etməyə çalışmaqlarına baxmayaraq Azərbaycan tərəfi sözün əsl mənasında ən yüksək insani keyfiyyətlərə uyğun olaraq hətta Gəncədə, Bərdədə, Tərtərdə terror aktları törədildiyi zamanlarda belə mülki əhalini hədəfə almamış, yalnız düşmən ordunun əsgərləri ilə mübarizə aparmışdır. Azərbaycan əsgəri verilən tapşırıqları yüksək dəqiqliklə yerinə yetirmiş, torpaqlarımızın düşmən tapdağından azad olunması üçün var gücü ilə çalışmış və sonda tarixi ədaləti bərpa etməyə nail olmuşdur. Bəli, heç bir şübhə yoxdur ki, Azərbaycanın Qarabağ zəfəri tarixin ədalətin bərpa olunması, haqqın zəfər çalması idi.

Erməni tərəfi qeyri-qanuni şəkildə zəbt etdikləri torpaqları heç vaxt özününkü kimi qəbul etməmiş, o torpaqlarda qurub-yaratmamış, hətta əksinə misli görünməmiş vandallıq aktları törətmişdir. Ermənilər qəbirləri dağıtmış, dini ibadətgahları təhqir etmiş ya da onları özününküləşdirməyə cəhd etmişdir. Əlbəttə ki, bu heç bir vəchlə mümkün deyildir. Qarabağın tarixi Azərbaycan torpağı olduğunu heç kim şübhə altına ala bilməz. Çünki, tarixi reallıq bizim yanımızdadır. Ermənistanın tarixi saxtalaşdırmaq cəhdləri əbəsdir. Beləliklə, təəcüblü deyil ki, işğaldan azad edilmiş torpaqlarımızdakı 67 məsciddən sadəcə ikisi, o da yarıdağılmış vəziyyətdə qalıb. Bizim bütün məscidlərimiz erməni vandalları tərəfindən təhqirlərə məruz qalıb. Dünya isə bu haqsız münasibətə susmaqla kifayətlənib. Müharibənin bitməsindən sadəcə günlər sonra xristian məbədləri üçün narahatlıqlarını ifadə edən beynəlxalq qurumlar məscidlərimizin illərdir təhqirlərə məruz qalmasına səssiz qalmışlar. Azərbaycanın paytaxtında-Bakıda erməni kilsəsinin olduğu, hətta müharibə dövründə belə kilsəyə qarşı heç bir narahat edici faktla qarşılaşılmadığı göz ardı edilərək sanki, Azərbaycan tərəfindən erməni ya da xristian məbədlərinə qarşı hansısa xoşa gəlməz münasibət varmış kimi reaksiyalar verilib. Bu riyakarlıqdır. Beləliklə, bizə irad tutanlar erməni saxtakarlığına göz yumublar.Ancaq onlar irəliləyən vaxtlarda görəcəklər ki, ermənilər tərəfindən dağıntılara, təhqirlərə məruz qoyulmuş o məbədlər Azəraycan tərəfindən necə bərpa olunacaq. Biz boş vədlərlə yox, əməli işlərlə humanistliyimizi, multikultutalizmə verdiyimiz qiyməti sübut edəcəyik.

Ölkə başçısının səfər çərçivəsində sonuncu dayanacağı Azıx mağarası olmuşdur. Ölkə başçısı tarixin saxtalaşdırılması ilə bağlı fikirlərini burada da səsləndirmiş və erməni tərəfinin tarixi irsimizə vurduğu ziyana görə cavab verməli olduğunu, bizim buna onları məcbur edəcəyimizi bildirmişdir.

Ebru Agayeva
Bakı Slavyan Universiteti Filologiya və Xarici dil müəllimliyi fakültəsi 3-cu kurs tələbəsi.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki