İspaniya hökumətinin Mərakeşdən ölkənin Şimali Afrikadakı muxtar ərazisi olan Seutaya qanunsuz yollarla keçən 500 uşağın materikə yerləşdirilməsi ilə bağlı plan hazırladığı bildirilir.
Vətəninfo.az xəbər verir ki, İspaniya hökuməti iyulun 30-da Seutaya miqrant axını ilə əlaqədar yeni qaydalar tətbiq etməyə başlayıb. İlkin mərhələdə 500 uşağın İspaniyanın materik hissəsinə qəbul edilməsi nəzərdə tutulur.
Mənbələr həmçinin Uşaq və Gənclər naziri Ruben Peresin bazar günündən etibarən Seutada olduğunu bildiriblər.
Hadisə necə baş verib?
İyulun 30-da İspaniya hakimiyyəti Mərakeşin Fnidek sahillərindən Seutaya üzərək keçməyə çalışan 800-dən çox qeyri-qanuni miqrantın qarşısını almaq üçün müdaxilə edib.
Hadisədən sonra İspaniya hökumətinin bölgədə təhlükəsizliyin təmin olunması məqsədilə bütün mövcud resursları səfərbər etdiyi bildirilir. Miqrant keçidlərinin artması fonunda əraziyə silahlı qüvvələrin yerləşdirilməsi barədə də qərar qəbul edilib.
Məlumata görə, Mərakeşdən İspaniyaya keçməyə cəhd edən zaman həyatını itirən miqrantların sayı 88 nəfərə çatıb.


























