image-53backend

İşsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsi genişləndirilir

image-reklam_sirab_01

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Vətəninfo.az-ın xəbərinə görə, komitə sədri Musa Quliyev iclası açaraq gündəliyə beş məsələnin daxil edildiyini bildirib və məsələlər barədə məlumat verib.

Diqqətə çatdırıb ki, “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub. Hər iki qanun layihəsi sosial müdafiəni gücləndirən xarakter daşıyır. Qanunlara edilən dəyişikliklər məşğulluğun əlçatanlığının təmin edilməsini, eyni zamanda hansısa səbəbdən işçinin öz iş yerini itirməsi ilə bağlı sığorta hadisəsi baş verərsə, sığorta ödənişlərinin şərtlərinin yumşaldılmasını nəzərdə tutur və ölkə vətəndaşlarının sosial vəziyyətini yaxşılaşdıran addımlardır.

Qeyd olunub ki, “İşsizlikdən sığorta haqqında” qanunun üç maddəsinə 8 dəyişiklik təklif olunur. Düzəlişlərin bir qismi uyğunlaşdırma xarakteri daşıyır. Digər hissəsi isə işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsinin genişləndirilməsi, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının 35 aydan 30 aya qədər azaldılması, həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi ilə bağlıdır.

“Məşğulluq haqqında” qanuna edilən dəyişikliklərlə bağlı bildirilib ki, sənəddə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslərin peşə hazırlığı kurslarına ödənişsiz cəlb edilməsi, həmçinin peşə hazırlığına cəlb olunduqları dövrdə təqaüd almaları, haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunmaları kimi aktiv məşğulluq tədbirlərini təsbit edən müddəalar təklif edilir.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edən komitə sədri bildirib ki, sənəd əmək münasibətləri zamanı işçilərin pozulmuş hüquqlarının bərpa edilməsinə, işəgötürənlərin cərimə ödəmək əvəzinə işçilərin hüquqlarını bərpa etməyə marağının yaranmasına yönəlib.

Komitə üzvləri İlham Məmmədov və Vüqar Bayramov qanun layihələri ilə bağlı fikirlərini söyləyiblər, təklif olunan dəyişiklikləri məqsədəmüvafiq hesab ediblər.

Sonra komitə sədri Musa Quliyev növbəti iki məsələ barədə məlumat verib. Bildirib ki, “Turizm haqqında” qanun layihəsinin birinci oxunuşda həm komitələrin birgə iclasında, həm də plenar iclasda geniş müzakirələri zamanı deputatlar sənədi dəstəkləyərək, onun turizmin inkişafına xidmət edəcəyini deyiblər. Qanun ölkəmizdə turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir. Sənəddə turizmlə bağlı əsas anlayışların şərhi verilib, bu sahədə dövlət idarəetməsinin əsasları göstərilib, turistlərin hüquq və vəzifələri, onların təhlükəsizliyinin və sığortalanmasının hüquqi tənzimlənməsinə dair maddələr təsbit olunub, turizm və rekreasiya zonaları ilə bağlı məsələlər öz əksini tapıb.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə əlaqədar qeyd olunub ki, təklif edilən dəyişiklik “Turizm haqqında” qanunun pozulmasından irəli gələn məsələləri həll edən inzibati hüququn yaranmasını özündə ehtiva edir.

Deputatlar Əziz Ələkbərov, Rauf Əliyev, İlham Məmmədov, Jalə Əliyeva, Arzu Nağıyev, Sevinc Hüseynova qanun layihələrinə münasibət bildirərək, bir sıra qeyd və təkliflərini söyləyiblər.

Komitə sədri Musa Quliyev millət vəkillərinin layihələrə dair səsləndirdikləri bəzi məqamlara aydınlıq gətirib.

İclasın sonunda gündəliyə daxil edilən hər beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki