Portuqaliyalı məşqçi Joze Mourinyo yenidən Real Madrid klubuna qayıda bilər. Məlumata görə, 63 yaşlı mütəxəssis hazırda Madrid təmsilçisi ilə yekun danışıqlar mərhələsindədir və 13 ildən sonra “Santyaqo Bernabeu”ya dönüş ehtimalı yüksək qiymətləndirilir.
Vətəninfo.az xəbər verir ki, Mourinyo hazırda klub rəhbərliyinin nəzərdən keçirdiyi yeganə namizəddir. O, yanvar ayında vəzifəsindən ayrılan Xabi Alonsonun yerinə müvəqqəti təyin olunan Alvaro Arbeloanı əvəz edə bilər.
Mourinyo mövzu ilə bağlı konkret danışmaqdan yayınaraq bildirib:
“Eştoril ilə oyunumuz var. Bazar ertəsindən etibarən həm mənim gələcəyim, həm də Benfikanın planları ilə bağlı sualları cavablandıra biləcəyəm.”
Bu açıqlama onun hazırkı klubu ilə bağlı öhdəliklərini hələlik ön planda saxladığını göstərir.
Florentino Perez Mourinyonun qayıdışı ehtimalını Xabi Alonsonun gedişindən cəmi iki gün sonra gündəmə gətirib. Klub rəhbərliyi təcrübəli mütəxəssisin komandaya sabitlik və təcrübə qatacağını düşünür.
Mourinyo ötən ilin sentyabrında Benfika ilə iki illik müqavilə imzalayıb. Buna baxmayaraq, onun gələcəyi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır və o, hələlik mediaya geniş açıqlama vermək istəmir.


























