image-reklam-veteninfo
image-1backend

Kərəm Aktürkoğlu: Biz bura sadəcə iştirak etmək üçün gəlməmişik

image-reklam-veteninfo

Türkiyə milli futbol komandasının üzvü Kərəm Aktürkoğlu 2026-cı il FIFA Dünya Kubokundan öncə iddialı açıqlamalar verib. ABŞ-ın Arizona ştatının Mesa şəhərində təşkil olunan mətbuat konfransında çıxış edən futbolçu komandanın əsas məqsədinin uğur qazanmaq olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, Aktürkoğlu Dünya Kubokuna vəsiqə qazanmağın böyük nailiyyət olduğunu vurğulasa da, bununla kifayətlənmək niyyətində olmadıqlarını qeyd edib.

“24 ildən sonra Dünya Kubokunda iştirak edirik və bunun nə qədər önəmli olduğunu yaxşı bilirik. Ancaq biz bura sadəcə iştirak etmək üçün gəlməmişik. Məqsədimiz uğur qazanmaq, komandanın keyfiyyətini meydanda göstərmək və ölkəmizi ən yaxşı şəkildə təmsil etməkdir”, – deyə o bildirib.

Milli futbolçu komanda daxilində yüksək əhval-ruhiyyənin hökm sürdüyünü, futbolçular arasında güclü birlik və qarşılıqlı dəstəyin olduğunu vurğulayıb. Onun sözlərinə görə, hər bir oyunçu ay-ulduzlu formanı layiqincə təmsil etmək üçün maksimum gücünü ortaya qoyacaq.

Kərəm Aktürkoğlu milli komandada hücumçu mövqeyində çıxış etməsindən də danışaraq, bu rolda özünü rahat hiss etdiyini və komandaya fayda verməyə çalışdığını bildirib.

Türkiyə millisinin güclü heyətə sahib olduğunu deyən futbolçu rəqiblərin onlara qarşı daha ehtiyatlı davrandığını qeyd edib.

“Dünyanın aparıcı klublarında çıxış edən futbolçularımız var. Komanda olaraq həm keyfiyyətimizi, həm də xarakterimizi meydanda nümayiş etdiririk. Düşünürəm ki, rəqiblərin qarşılaşmaq istəmədiyi komandalardan birinə çevrilə bilərik”, – deyə Aktürkoğlu vurğulayıb.

O, həmçinin baş məşqçi Vincenzo Montellanın komandanın inkişafında mühüm rol oynadığını bildirib. Aktürkoğlunun sözlərinə görə, italiyalı mütəxəssis rəqibləri detallı şəkildə təhlil edir və futbolçuları hər oyuna maksimum hazırlayır.

Kərəm Aktürkoğlu sonda Dünya Kubokunda uğurlu çıxış edərək ölkəsinə sevinc bəxş etmək istədiklərini qeyd edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki