image-indirbackend

Korona virusa qarşı ən effektiv üsul- Vaksinasiya!

image-reklam_sirab_01

Bütün dünyanı silkələyən, anidən peyda olub hələ də davam edən korona virus pandemiyası yeni canlar almaqda davam edir. Anidən bütün həyatı durduran, ölkə iqtisadiyyatlarını iflic edən virusa qarşı mübarizə gücləndirilsə də, qarşısının tam alınması üçün uzun müddət gərəkdir. Ölkəmizdə virusa qarşı mübarizəyə erkən zamanda başlandığı üçün fəsadları digər ölkələrdə olduğu kimi ağır olmadı. Lakin bu arxayınlaşmağa səbəb olmamalı, virusa qarşı mübarizədə hər kəs məsuliyyətli yanaşmalıdır.
Bir ildən çoxdur ki, yeni növ korona virus (COVID-19) infeksiyası nəticəsində ağırlaşmalar, ölüm halları ən çox eşitdiyimiz, rast gəldiyimiz məlumatlardır. Dünyada 130 milyondan çox insan bu virusa yoluxub ki, onlardan 3 milyona yaxını həyatini itirib. Bunlar böyük rəqəmlərdir. Bu bəladan qurtulmaq və normal həyata qayıtmağımız üçün kütləvi immunitetin yaranması labüddür. Onun qısa müddətdə formalaşması yalnız vaksinasiya vasitəsilə mümkündür.
Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatda deyilir ki, Antarktidadan başqa, bütün qitələrə yayılmış virusdan xilas yolları hələ də araşdırılmaqdadır. Nəticə əldə olunmasına baxmayaraq, onun mutasiyaya uğrayaraq yaratdığı yeni ştammları ilə “hücuma keçməsi” nəzarətdən kənarda qalmamasını tələb edir. Dünyanın bütün həkimləri korona virusa qarşı ən effektiv üsul kimi vaksinasiyanı seçiblər
Azərbaycan vaksinasiyaya ilk başlayan ölkələr sırasındadır. Ölkəmizdə hazırda Çinin “Sinovac” şirkətinin “CoronaVac” vaksinindən istifadə olunur. Aprelin 4-də isə COVAX platforması vasitəsilə Böyük Britaniya və İsveçin birgə hazırladığı “AstraZeneca” vaksini ölkəmizə gətirilib. Bundan başqa, “Sputnic V”, “Biontech/ Pfizer”, “Moderna” vaksinlərinin də ölkəmizə gətirilərək istifadəsi planlaşdırılır. Hazırda mövcud vaksinlərlə yanaşı, bir sıra ölkələr vaksin hazırlamağa davam edirlər.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz müsahibələrində birində qeyd etmişdir ki, bu günədək Azərbaycanda əhalinin 15 %-i korona virus əleyhinə peyvənd olunmuş, yanvardan başlanan peyvəndlənmə prosesində 1,4 milyon vaksin istifadə olunmuşdur.
Sərt karantin rejimi bizi yorsa da, məhdudiyyətlər və qadağalardan bezmiş olsaq da, normal həyata dönə bilmək üçün mübarizədə aktiv olmalıyıq. COVID ilə mübarizədə qısa müddətdə nəticə əldə edilməsi üçün kütləvi immunitetin yaradılması vacibdir. Bu da əhalinin böyük hissəsinin, yəni 80 faiz və daha yuxarı bir hissənin vaksinasiyası ilə əldə oluna bilər.
Peyvənd, onun zərəri və fəsadları ilə bağlı suallarla tez-tez rastlaşırıq. Bildiyimiz kimi COVID-19 infeksiyası nəticəsində törənən xəstəlik yenidir. Vaksinlər də qısa müddətdə hazırlanıb. Əlbəttə, digər vaksinlərin istifadəsində olduğu kimi koronavirus peyvəndinin də yan təsirləri mövcuddur. Lakin pandemiyanın davam etmə müddəti və yayılması artıqca ölüm halları və maddi xərclər də artır. Dövlətə gəlir əldə etdirən bütün sektorların iflic olduğunu nəzərə alsaq, bütün ölkələrdə xaosun yaranmasının qaçınılmaz olduğunu görərik. Doğrudur, vaksinasiyadan sonra da yoluxma və xəstələnmə halları mümkündür. Lakin belə halda xəstəlik ya heç hiss olunmur, ya da çox yüngül keçir.
Ölkəmizdə vaksinasiya könüllüdür və dövlət hesabına aparılır. Vəziyyətin ağırlaşmaması, xəstəliyin tez zamanda sonlanması və normal həyata geri qayıda bilmək üçün hər kəs vaksinasiyada iştirak etməyə çalışmalıdır. Çünki bunlar dövlətin öz vətəndaşını qorumaq üçün apardığı siyasətin nəticələridir. Bu ağır günlərdə hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərk etməli və buna uyğun davranmalıdır.
Azərbaycan Dillər Universiteti
Şəmilova Dünya Mərdan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki