Sumqayıtda iki nəfərdən hədə-qorxu ilə pul tələb edən şəxsə cinayət işi açılıb.
Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, Ə.M. kürəkəni R.H. və onun dostu N.Ə.-dən hədə-qorxu ilə ümumilikdə 2050 manat pul alıb.
Məlumata əsasən, N.Ə. və dostu R.H. Sumqayıtda bir qadının yaşadığı mənzili qarət edərək, evdən 1500 manat, həmçinin qızıl-zinət əşyaları oğurlayıblar. Onlar uzun müddət bu hadisəni sirr olaraq saxlasalar da, R.H. günlərin birində törətdikləri əməli qaynı Ə.M.-ya danışıb. Ə.M. onların törətdikləri oğurluq əməli barədə tanıdığı polis əməkdaşının xəbəri olduğunu deyib.
O, oğurluğun üstün açılmaması üçün kürəkəni R.H. və dostu N.Ə.-dən 4000 manat pul istəyib. Əks halda isə onların bu əməli barədə ailə üzvlərinə məlumat verəcəyi, telekanallar və sosial şəbəkələrdə yaymaqla hədələyib. Bu səbəbdən dostlar ayrı-ayrı vaxtlarda ona cəmi 2050 manat pul veriblər. Geri qalan məbləği isə pulları olmadığı üçün verə bilməyiblər. Buna görə də, Ə.M. oğurluq hadisəsi barədə N.Ə.-nin anasına danışıb və ondan pul istəyib.
Lakin dostların hüquq-mühafizə orqanlarına müraciəti əsasında Ə.M. saxlanılıb və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunub. Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsilə cinayət işi başlanıb.
Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə onun haqqında polisin nəzarəti altında vermə qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam edir.lent.az