image-7e2c9c2b-1607-4eb3-b636-60ab176ac248backend

Macarıstan və Azərbaycan dost ölkələrdir

image-reklam_sirab_01

 

 

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfərə gəlməsi iki ölkə arasında əlaqələrin daha da genişlənməsində mühüm addım kimi qiymətləndirilməlidir. Belə ki, Macarıstan Azərbaycanın müstəqilliyini 1991-ci ildən lk tanıyan dövlətlərdən biridir. Ölkələrimiz arasında diplomatik münasibətlər  1992-ci ilin aprelindən qurulub. Bakı ilə Budapeşt arasında münasibətlərinin ən uğurlu dönəmi xüsusilə son 10 ildə müşahidə olunur.  Macarıstanın Baş naziri Viktor Orbanın özünün də bir neçə dəfə ifadə etdiyi kimi, “təkcə Avropa yox, dünyanın digər bölgələri də təhlükələrlə üz-üzədir”. Belə bir şəraitdə dövlətlərin ümumbəşəri dəyərlərə sadiq olaraq dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qarşılıqlı fəaliyyət göstərməkdən başqa çıxış yolu yoxdur.  Bu il yanvarın 30-da İlham Əliyevin Budapeştə səfəri zamanı liderlər mətbuata bəyanatlarla çıxış edərkən dövlət başçımızın ifadə etdiyi kimi, “ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır”.

Budapeşt-Bakı əlaqələrinin yol xəritəsinə diqqət etsək, şəxaləndirilmiş və dərinləşməkdə olan əməkdaşlığın əhəmiyyətini dərk etmək çətin deyil. İlk növbədə Avropanın enerji təhlükəsizliyi həssas məqama qədəm qoyduğu və yaranan situasiyada Azərbaycanın əhəmiyyətinin dərhal, Macarıstanın Baş naziri Viktor Orbanın bəyan etdiyi kimi, “bir növ sıçrayışla artması” Qoca qitədən Azərbaycana baxışı köklü surətdə dəyişdi. Çünki Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra – təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun”.

Qərb yaxşı başa düşür ki, Prezident İlham Əliyevin bəyanatları yalnız sözdə ifadə olunmur, artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ardınca Rumıniyaya, oradan Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılması reallıqdır. Prezident İlham Əliyevin avqustun 20-də Macarıstana səfəri və Baş nazir Viktor Orbanla apardığı danışıqların ilkin nəticəsi kimi Azərbaycandan Macarıstana təbii qazin ixracının artırılması qərara alınıb.

Həmçinin, tükənməz və daha etibarlı qaynaq hesab edilən yaşıl enerji sahəsində Azərbaycanın artan imkanlarını görməzdən gəlmək mümkün deyil. Bu çərçivədə Qara dənizin dibi ilə Azərbaycandan mərkəzi Avropaya kabelin çəkilməsi istiqamətində addımlar çox ciddi koordinasiya tələb edir ki, bu ilin fevralından Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya müvafiq layihə üzrə gələcək fəaliyyətin konsepsiyası üzərində birgə işləməyə başlaması Bakı-Budapeşt əlaqələrində yeni səhifə açmaqdadır.

Həm təbii qaz, həm də elektrik enerjisi baxımından Azərbaycandan gedəcək enerji həcmlərinin Macarıstandan keçməsi isə əməkdaşlığın başqa bir sferasında, tranzit tərəfdaşlıq üçün yeni potensial açır. Ötən dövrün uğurlu əməkdaşlıq təcrübəsi isə bu sahədə əla perspektivlər vəd edir. Bildiyiniz kimi, artıq dəmir yolları vasitəsilə yüklərin qarşılıqlı ötürülməsinə başlanılıb. Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcminin kəskin artması fonunda, ölkəmizin Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilməsi Budapeşt üçün də fürsətdir və Prezident İlham Əliyevin Macarıstana ötən səfərində anons verdiyi kimi,  “Burada Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var”.

Azərbaycan-Macarıstan əlaqələri yalnız enerji sahəsində əməkdaşlıq üzərində qurulmayıb. Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə ilə ikitərəfli əməkdaşlığı strateji səviyyəyə yüksəltmiş dost dövlətlərdir və xüsusən təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə ciddi qarşılıqlı dəstək verməkdədir.

O cümlədən bizim Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq və birgə fəaliyyət nümunəmiz mövcuddur. Habelə, humanitar sahədə ciddi əlaqələr formalaşıb, 200-dən artıq Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə bu ölkədə təhsil alır. Bundan başqa, ötən səfər zamanı Azərbaycan Prezidenti mina təmizləmə sahəsində Macarıstanın təcrübəsini nəzərə alaraq, bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanlar gördüyünü bəyan etmişdi.

Bu mənada Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfəri həm strateji tərəfdaşlığın dərinləşdirilməsi, həm də görülən işlərin səmərəliliyinin təhlili baxımdan mühüm imkan olmaqla əlaqələrimizin bir üst səviyyəyə yüksəldilməsi üçün yaxşı imkan olmuşdur.

 

 

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki