image-35backend

“Məni İcra Hakimiyyətində qəbul etmirdilər” – İntihara cəhd edən şəhid anası

image-reklam_sirab_01
Ötən gün Vətən müharibəsi şəhidi Sahib Həsənovun anası Vüsalə Məmmədovanın intihara cəhdi ilə bağlı onun valideyni açıqlama verib.
V. Məmmədovanın anası Almaz Məmmədova Baku TV-yə  bildirib ki, intihara cəhdin səbəbi kirayə haqqını ödəyə bilməməkləridir. O qeyd edib ki, qızı dəfələrlə iş üçün müraciət etsə də, ona kömək edən olmayıb: “Kirayədə yaşayırıq. Qızım altı aydır ayaq döyür, deyirlər, get iş yoxdur. Deyir heç olmasa, məni İcra Hakimiyyəti qəbul eləsin, 1 metrlik yer alım, ailəmi dolandırım. Anam səhər ölsə, mənə kim baxacaq?…”

 

 

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət edib. Qadın üzləşdiyi problemi onun da diqqətinə çatdırıb. Bildirib ki, onu İcra Hakimiyyətində qəbul etməyiblər. Şəhid anası icra başçısı tərəfindən qəbul olunmağı xahiş edib.
Xatırladaq ki, şəhid anasının ötən gün Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında çoxsaylı dərman həbləri içərək intihara cəhd etdiyi bildirilir. Gəncə şəhər 3 saylı xəstəxanasına yerləşdirilən V.Məmmədovanın vəziyyəti normaldır.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən Qafqazinfo-ya verilən açıqlamada deyilir ki, şəhid anasının intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “V.Məmmədova növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhəti pisləşib, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Vüsalə Məmmədovanın yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması məsələsinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı nəzdində Mənzil məsələləri üzrə İctimai komissiyada baxılıb və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alınıb”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki