Mikayıl Cabbarov: Özbəkistandan Azərbaycana yükdaşımaların həcmi 1 milyon tona çatdırılacaq
Özbəkistandan 2024-cü ilin birinci rübündə Azərbaycana avtomobil və dəmir yolu ilə 300 min tondan çox müxtəlif yük daşınıb.
Ulusal.az Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənd İnvestisiya Forumu çərçivəsində deyib.
“Özbəkistandan 2024-cü ilin ilk üç ayında Azərbaycana bütün nəqliyyat növləri ilə 300 mindən çox müxtəlif növ yük daşınıb. Bu rəqəmin ildə 1 milyon tona çatacağı gözlənilir. Nəqliyyat əlaqələri ölkələrimiz arasında ticarətin və əməkdaşlığın inkişafına töhfə verib”, – M.Cabbarov bu gün “Uğura doğru birgə yol: Özbəkistan və Azərbaycan” panel sessiyasında çıxış edərkən deyib.
Nazir Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın nəqliyyat, investisiya, enerji və sənaye əməkdaşlığı kimi əsas istiqamətlərdə fəal inkişaf etdiyini qeyd edib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev isə çıxışında bildirib ki, mayın 21-də Quba şəhərində Azərbaycan və Özbəkistan arasında Regionlararası Forum keçiriləcək.