image-1backend

Millət vəkili, MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Tovuzda yüksək balla ali məktəbə daxil olmuş tələbələrlə görüşüb

image-reklam_sirab_01

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuzda bu il 600-dən yuxarı bal toplayaraq ali məktəbə daxil olmuş tələbələrlə görüşüb. Q.Paşayeva yüksək bal toplayaraq müəllimlərin, valideynlərin ümidini doğrultmuş gəncləri tələbə adını qazanmaları münasibəti ilə ürəkdən təbrik edərək onlara uğurlar arzulayıb. Tovuz rayonunda təhsil sahəsində olan göstəricilərin hər il artmasının sevindirici hal olduğunu deyən Komitə sədri, ali məktəblərə daxil olan gənclərin və onların arasında 600-dən çox bal toplayanların sayının artmasını müsbət hal kimi qiymətləndirib. “Mən hər dəfə tələbə adı qazananlar sırasında qızlarımızın sayına diqqət edirəm. Çox şadam ki, əzmkar qızlarımız bu il də ali məktəblərə yüksək balla daxil olanlar arasında önəmli yer tutur. Zəngin təhsil ənənələri olan Tovuz bu yöndədə bir sıra rayonlara gözəl örnək ola bilər. – Cəmiyyətin savadlı olması, gənclərin kitaba, məktəbə yüksək maraq və məsuliyyətlə böyüməsi savadlı analardan çox asılıdır. Bu anlamda, biz qızlarımızın təhsilinə böyük önəm verməliyik. Siz tələbə adı qazanmış gənclərimiz dilimizi, tarix və ədəbiyyatımızı daha dərindən bilmək üçün çalışmalısız. Tələbəlik illəri başa çatınca heyislənməmək üçün vaxtınızı gərəksiz əyləncələrə, teleseriallara, şou proqramlarına deyil, daha çox kitaba, kitabxanaya, yeni bilgilər əldə etməyə, öz ixtisasınızı yaxşı öyrənməyə həsr edin. Öz fiziki və mənəvi sağlamlığınıza diqqət edin.” – Q.Paşayeva vurğulayıb. Q.Paşayeva tələbə adını qazanmış gənclərə Qarabağ motivli hədiyyələr və kitablar təqdim edib: “Sizin ən böyük hədiyyəniz qalib ölkənin gəncləri olaraq tələbə adı qazanmağınızdır. Sizlər də yaxşı təhsil alıb, ixtisalara yiyələnib, ölkəmizə xidmət edəcəksiz. Bir daha uğurlar diləyirəm”! “Biz ali məktəbə daxil olan gənclərin uğurlarına sevinmək, qürur duymaqla yanaşı, orta məktəbi bitirən və sayları daha çox olan digər gənclərin həyatı, gələcəyi ilə də bağlı düşünməliyik. Onların peşə təhsilinə meyilləndirilməsi prosesi məktəbdən başlamalıdır ki, bu gənclər hər hansı bir peşəni öyrənib gələcəkdə iş yeri tapa bilsinlər”, – Q.Paşayeva deyib. Müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı keçirilən imtahanlarda öz ixtisasından aşağı ballar toplamış bir sıra müəllimlərlə bağlı xüsusi çıxış edən millət vəkili bildirib ki, öz ixtisasından aşağı bal toplayan müəllimlərin varlığı bir sıra məktəblərimizdə təhsilin keyfiyyətinə mənfi təsir göstərir: “Bu cür müəllimlər anlamalıdırlar ki, millətə nə qədər böyük zərər vururlar. Onlar ya öz üzərlərində ciddi çalışıb yaxşı müəllim olmaq üçün gecə-gündüz məsuliyyətlə işləməlidirlər, ya da məktəblə könüllü şəkildə vidalaşmalıdırlar. Öz fənnindən həddindən aşağı az bal toplayan müəllimlərə məktəbdə yer olmamalıdır”. Tədbirdə Təhsil Nazirliyinin rəsmi nümayəndəsinin iştirak etməsinin müsbət hal olduğunu deyən Qənirə Paşayeva Tovuzun ən yaxşı məktəblərindən olan Bozalqanlı kənd məktəbinin ciddi təmirə ehtiyacı olduğunu deyib. Millət vəkili çıxışının sonunda qarşıdan gələn Yeni dərs ili münasibətilə bütün müəllimləri, məktəb kollektivlərini təbrik edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki