image-heydrbackend

Millətin və Dövlətin Cəsarətli Qoruyucusu: Heydər Əliyev

image-reklam_sirab_01

 

Mən bu məqaləmdə Azərbaycan Respublikasının Ümummilli Liderindən qısa da olsa bəhs edəcək və tarixi faktlarla yanaşı, görkəmli siyasi xadimin çox toxunulmayan, gördüyü işlər ilə şöhrət qazanan bir çox dahi şəxsiyyət ilə oxşar cəhətlərini də qeyd edəcəyəm.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almağa başlamış, lakin müharibənin başlaması səbəbi ilə təhsilini yarıda dayandırmağa məcbur olmuşdur.

Heydər Əliyev siyasət həyatına 1941-ci ildə daxil olmuş və 1941-1944-cü illər arasında Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif vəzifələri icra etmişdir. Heydər Əliyev, indiki Sankt-Peterburq və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944–1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969–1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Məhz Baş katib Mixail Qorbaçovun yertidiyi siyasi xəttə etiraz əlaməti olaraq, 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa etmişdir.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

1993-cü ilin may-iyununda Gəncə şəhərində Surət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsini istədi.

Məhz onun sayəsində vətəndaş müharibəsinin qarşısı alındı və ölkədə sülh bərqarar edildi. Daha hakimiyyətinin başlarında, ölkəsinin inkişafı üçün göstərdiyi səylər onu xalqın qəlbində yücəltdi. Ölkənin daxili siyasətini qaydaya saldı. Eynilə xarici siyasətdə Azərbaycanın mövqeyini bütün dünyaya elan etdi. Ölkənin xarici siyasəti bilavasitə daxili siyasətdən asılı olduğu üçün ölkədə sabitliyin hökm sürməsinə diqqət yetirdi. Ölkənin iqtisadi həyatında misli görülməmiş uğurlar əldə etdi. Təsadüfi deyil ki, bugün Azərbaycanın qazandığı uğurların altında Ulu Öndər Heydər Əliyevin qətiyyətli addımları durur. Ölkəsinə verdiyi töhfələr, xarici siyasət və xalqının dar zamanında tək ümid yolu olduğu üçün Heydər Əliyevi dahi sərkərdə I Pyotra bənzətsək, heç də yanılmış olmarıq. Çünki belə şəxsiyyətləri ifadə edəcək sözlər hələ də dilimizdə məhdud saydadır.

Xalq Heydər Əliyevin uğurlarını mükafatlandırdığını seçkilərdə dəfələrlə sübut etmişdir. Əfsuslar olsun ki, həyatda hər şey istədiyimiz kimi getmir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.

Aramızdan ayrılmasına baxmayaraq, gördüyü işlər və xalqımıza bəxş etdiyi azadlıq neməti ilə hər zaman Azərbaycan xalqının qəlbində yer edinəcəkdir.

 

Nəsimi rayon gənci  Nicat Mədətli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki