image-10backend

Milli Məclisin komitəsi deputatların sığortalanması ilə bağlı layihəni təsdiqləyib

image-reklam_sirab_01

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn videokonfrans formatında keçirilən iclasında 12 məsələyə baxılıb.

Veteninfo.az-ın xəbərinə görə, toplantının gündəliyi barədə Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli məlumat verib.

O bildirib ki, artıq neçə gündür parlamentə Azərbaycan Prezidenti tərəfindən büdcə zərfi və onunla bağlı olan sənədlər təqdim olunub.

Bir sıra qanun layihələrinə əlavələr və dəyişiklikləri nəzərdə tutan həmin sənədlər mahiyyət etibarilə spesifik sahəni – sığorta məsələlərini əhatə edir.

Sonra onlayn tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hüquq departamentinin müdiri Nilufər Nəsibli bir sıra qanunlara təklif olunan əlavələrin və dəyişikliklərin mahiyyətini açıqlayıb, gündəlikdəki məsələləri şərh edib. Bildirib ki, sözü gedən qanun layihələri Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli Fərmanının 3.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb.

Deputatlara məlumat verilib ki, Fərmanın birinci bəndinə əsasən, Dövlət Sığorta Kommersiya Şirkətinin, Milli Məclisin deputatlarının, hakimlərin, Silahlı Qüvvələrin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi nəzərdə tutulub.

Bu baxımdan, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda edilən dəyişiklik deputatın dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsinə yönəlib. Layihədə dövlət icbari şəxsi sığortanın prinsipləri və aparılması qaydası, sığortaolunanın, sığortaçının və sığortalının hüquq və vəzifələri, sığortaolunanların və sığortalıların uçotu və sığorta haqlarının ödənilməsi, həmçinin artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası, sığorta ödənişinin verilməsi və verilməsindən imtina halları, sığorta vəsaitlərinin formalaşma mənbələri, habelə dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə nəzarət məsələləri öz əksini tapıb.

Məlumat dinlənildikdən sonra komitədə fikir mübadiləsi aparılıb. Nilufər Nəsibli deputatların suallarına cavab verib.

Deputatlar birinci oxunuşda komitənin müzakirəsinə verilmiş 8 qanun layihəsinin – “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə, “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarında dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Məhkəmə və hüquq mühafizə orqanlarının işçilərinin dövlət icbari sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə və “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələrinin parlamentin plenar iclasına tövsiyə olunmasını qərara alıblar.

Gündəlikdəki növbəti 3 qanun layihəsinə – “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” yubiley medalının təsis edilməsi (birinci oxunuş), “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalının təsis edilməsi (birinci oxunuş) və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalının və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalın təsis edilməsi (İkinci oxunuş) ilə əlaqədar olaraq “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişikliklər edilməsi barədə qanun layihələrinə də müsbət münasibət bildirilib.

Yekunda üçüncü oxunuşa çıxarılan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə baxılıb.

Müzakirələri birinci vitse-spiker, komitə sədri Əli Hüseynli yekunlaşdırıb.

Komitədə baxılan bütün məsələlər plenar iclasa tövsiyə olunub.

Onlayn iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Nizami Səfərov, Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Elşən Musayev, Cəbi Quliyev, Sabir Hacıyev, Nurlan Həsənov, Azay Quliyev, Tahir Kərimli, Əminə Ağazadə, Erkin Qədirli, Fəzail Ağamalı, Vüqar İskəndərov, Madər Musayev iştirak ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki