image-sahibebackend

Milli Məclisin sədri: Heydər Əliyev siyasətinə sadiq qalacağını bəyan edən cənab İlham Əliyev ölkəmizə bu yolla böyük zəfərlər qazandırıb.

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki,Milli Məclisin bu gün keçirilən plenar iclasında,milli Məclis sədri,xanım Sahibə Qafarova çıxış edib.

Sahibə Qafararova çıxışında bildirib ki, bu günkü iclasımız çox əlamətdar bir gündə keçirilir.
“Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1961-ci il dekabr ayının 24-də Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ailəsində anadan olmuşdur. Belə bir ailədə böyüməsi gələcək siyasi lider üçün əsl məktəb olmuşdur. Orta təhsil və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda aldığı yüksək ali təhsil, zəngin biliklər bu təcrübəni daha da möhkəmləndirmiş, onun gələcəkdə dövlət xadimi kimi formalaşmasında mühüm rol oynamışdır.
Cənab Prezident hələ Dövlət Neft Şirkətində Birinci vitse-prezident, Milli Məclisin deputatı kimi Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, həmin Assambleyanın sədrinin müavini, Milli Olimpiya Komitəsinin Prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini kimi mühüm vəzifələrdə fəaliyyət göstərərkən, daim bir amala – doğma Vətənin dirçəlişinə və tərəqqisinə, milli maraqlara xidmət etmişdir. Xalqın İlham Əliyevə yüksək etimadının təməlində məhz bu dəyişməz mövqe dayanır”-deyən Qafarova əlavə edib ki, bunun nəticəsi idi ki, 2003-cü il avqust ayının 4-də cənab İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunub.
“Həmin ilin oktyabr ayının 15-də keçirilən prezident seçkilərində isə cənab İlham Əliyev xalqımızın mütləq əksəriyyətinin dəstəyini qazanaraq, prezident seçilmişdir. Ali kürsüdə fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev siyasətinə sadiq qalacağını bəyan edən möhtərəm cənab Prezident ölkəmizə bu yolla böyük zəfərlər qazandırmışdır. O, Yeni Azərbaycan Partiyasının Sədri kimi də Ulu Öndərin ideya siyasi xəttini davam etdirərək, partiyanı ölkəmizin və regionun ən güclü siyasi təşkilatına çevirmişdir. Qürur hissi ilə demək olar ki, Azərbaycanın son yarım əsrlik tarixi ulu öndərin və cənab Prezidentin adı ilə sıx bağlıdır. Bu günün özəlliyini nəzərə alaraq, mən son 18 ildə ölkəmizin qazandığı bir sıra mühüm uğurları diqqətinizə çatdırmaq istərdim. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyada siyasi sabitliyin, tərəqqinin, qlobal təşəbbüslərin, tolerantlığın ünvanı kimi tanınır. Dövlətimizin başçısının milli maraqlara və qarşılıqlı etimada əsaslanan müstəqil siyasət kursu ölkəmizi dünyada etibarlı tərəfdaş kimi tanıtmış, ona böyük nüfuz qazandırmışdır. İnkişaf etmiş dövlətlərin sırasında layiqli yer tutan Azərbaycan 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Bu uğur ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun, daim yüksələn statusunun göstəricisi idi. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün bu təşkilatın sədri seçilməsi də regional və beynəlxalq arenada söz sahibi kimi qəbul edilməsinin nəticəsidir. Möhtərəm Prezidentin təşəbbüsü ilə bu il noyabr ayının 28-də Madrid şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun daha bir sübutudur. Bu gün Azərbaycan qlobal mədəniyyətlərarası dialoqun, aparıcı siyasi platformaların reallaşdırıldığı ünvanlardan biridir”. Milli Məclis sədri vurğulayıb ki,o beynəlxalq əməkdaşlıq sahəsində cənab Prezidentin türk birliyinin daha da güclənməsi naminə yorulmaz və səmərəli fəaliyyətini xüsusi qeyd etmək istəyir: “Bu il noyabrın 12-də möhtərəm Prezidentimizin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi bu mühüm xidmətlərin nəticəsi idi.
Əlbəttə, son 18 ilin ən böyük uğurlarından biri Azərbaycanın sürətli, dinamik iqtisadi inkişafına nail olunması, ölkəmizin iqtisadi potensialının əvvəlki dövrlərlə müqayisə edilməyəcək səviyyəyə yüksəlməsidir. Müasir Azərbaycan bu gün regional və beynəlxalq miqyaslı iqtisadi layihələri həyata keçirən ölkədir.
Möhtərəm Prezident İlham Əliyevin liderlik məharəti və gərgin səyləri ilə yaradılan əməkdaşlıq platformaları regiona yatırılan investisiyaların artmasına gətirib çıxarmışdır. Bakı–Tbilisi–Ceyhan, “Cənub Qaz Dəhlizi”, TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu və bu kimi digər beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi Azərbaycan liderinin iqtisadi, siyasi təşəbbüslərinin və səylərinin nəticəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün də inamla həyata keçirilən davamlı islahatlar Azərbaycanın dayanıqlı və dinamik inkişafını təmin edir. Dünyada iqtisadi və maliyyə böhranının yaşandığı, pandemiyanın yaratdığı çətinliklərin davam etdiyi bir vaxtda ölkə iqtisadiyyatının bütün istiqamətlərində artıma nail olunmuşdur.
Əlbəttə, biz ötən 18 ildə əldə olunmuş nailiyyətlərimizi qeyd edərkən, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi qələbəni böyük qürur hissi ilə vurğulamalıyıq. Bu zəfər İlham Əliyevin böyük sərkərdəlik və siyasi-diplomatik məharətinin nəticəsi idi. Məhz buna görə xalqımız cənab Prezidenti tarixi qələbəmizin memarı hesab edir.
Azərbaycanın ərazi bütövlüyünü təmin edən möhtərəm Prezident özünün dediyi kimi, həm də ulu öndər Heydər Əliyevin ata vəsiyyətini yerinə yetirmişdir. Prezidentin müəyyən etdiyi strateji yol xəritələri sırasında Qarabağa Böyük qayıdışı mən xüsusi olaraq, qeyd etmək istərdim. Bilirsiniz ki, Ermənistanın işğal dövründə viran qoyduğu ərazilərimizin azad olunmasından dərhal sonra həmin torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verilmişdir. Azərbaycan öz maliyyə resurslarına arxalanaraq qədim ata-baba yurdlarımızda dağıdılmış şəhər və kəndləri bərpa edir, yenilərini salır, infrastruktur layihələri həyata keçirir. Onu da qeyd edim ki, həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası Azərbaycanın ümumi inkişafına da böyük təkan verəcəkdir. Cənab Prezidentin siyasi və diplomatik məharətinin növbəti nəticəsi regionun və türk dünyasının nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynayacaq Zəngəzur dəhlizinin reallaşması olacaqdır. Bu layihə ölkəmizin tranzit potensialını daha da gücləndirəcək, nəinki region, Avropa üçün də geniş imkanlar açacaqdır.Prezident İlham Əliyevin rəhbərliyi altında silahlı qüvvələrin də modernləşdirilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində işlər planlı və ardıcıl şəkildə davam etdirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşməni diz çökdürən Azərbaycan Ordusu üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə hər an qadirdir. Prezident İlham Əliyevin humanitar siyasəti də əksər ölkələr üçün nümunə sayıla bilər. Şəhid ailələrinin, Vətən müharibəsi qazilərinin daim diqqət mərkəzində saxlanılması, aztəminatlı ailələrin, sosial müdafiəyə ehtiyacı olan bütün şəxslərin dövlət qayğısı ilə əhatə olunmaları bu siyasətin nə qədər geniş dairəni əhatə etdiyini göstərir. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkəmizin bu sahədə qazandığı nailiyyətlərdə Azərbaycanın Birinci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın da böyük rolu vardır. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mühüm layihələr ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafına, ölkəmizin beynəlxalq miqyasda təbliğ olunmasına mühüm töhfələr vermişdir. Cənab Prezident dövlət başçısı kimi fəaliyyətə başlayarkən belə bir ifadə səsləndirmişdir: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”. Bəli, bu gün tam qətiyyətlə deyə bilərik ki, möhtərəm Prezident İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir və xalqımız öz lideri ilə qürur duyur.
60 illik yubileyi münasibəti ilə möhtərəm Prezidentimizi təbrik etmək üçün Milli Məclisin deputatları adından təbrik məktubu hazırlanıb. Həmin təbrikdə Azərbaycan dövlətinə uğurla rəhbərlik edən möhtərəm Prezidentimizə bizim ən xoş arzularımız çatdırılmışdır.
İcazənizlə, cənab Prezidenti yubiley yaşı münasibəti ilə bir daha ürəkdən təbrik edək, ona möhkəm can sağlığı, müstəqil Azərbaycanın sivil, demokratik, qüdrətli dövlət kimi inkişafı naminə fədakar fəaliyyətində yeni-yeni uğurlar arzu edək. (Alqışlar.)
Hörmətli həmkarlar, mən sizin sürəkli alqışlarınızı təbrikin mətninə dəstək kimi qəbul edirəm”.

Vətəninfo.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki