image-9709dba3-6947-4149-94eb-d4e4b6dfcd76backend

Milli Məclisin sədri Sahibə Qafarova  Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb

image-reklam_sirab_01

İyulun 22-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb.

Spiker qonaqları səmimi salamlayaraq bu cür görüşlərin əlaqələrimizin inkişafına öz töhfəsini verdiyini bildirib. O, qeyd edib ki, Azərbaycan-Fransa əlaqələrinin qədim tarixi kökləri var. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ölkələrimiz arasındakı dostluq və tərəfdaşlıq əlaqələrinin müasir dövrdə təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə qoyulub. Bu gün Prezident İlham Əliyev əməkdaşlığımızın daha da dərinləşməsinə böyük önəm verir. Heç də təsadüfi deyildir ki, bu sahədəki xidmətlərinə görə Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva 2011-ci ildə Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif edilib.

Görüşdə spiker Sahibə Qafarova əsas diqqəti 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbə və sonrakı mərhələdə Ermənistan tərəfindən törədilən təxribatlara yönəldib. O bildirib ki, ötən il Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 illik Ermənistan işğalına son qoyaraq öz ərazi bütövlüyünü bərpa edib. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Dağlıq Qarabağ problemi tarixə qovuşdu. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü həyata keçirib. İndi  işğal nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün zəmin yaranıb.  Təəssüflər olsun  ki, Ermənistan yenə də öz təxribatçı əməllərindən əl çəkmir. Sərhəddə təxribatlar törədir, minalanmış ərazilərin tam xəritəsini təqdim etmir, hərbi əsirlər barədə həqiqətə uyğun olmayan məlumatlar yayır. Sahibə Qafarova bildirib ki, bütün bunlar Qarabağda başlamış sülh prosesinə, quruculuq, abadlıq işlərinə maneçilik törədir.

Milli Məclisin Sədri Dostluq Qrupunun üzvlərinin Gəncə şəhərinə, işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına səfər edəcəklərini xatırladaraq, vurğulayıb ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında şəhərləri, kəndləri, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb. Bu ərazilər, sözün həqiqi mənasında, Xirosimanı xatırladır. Sahibə Qafarova ümid etdiyini bildirib ki, Dostluq Qrupunun üzvləri öz ölkələrinə qayıtdıqdan sonra işğaldan azad olunmuş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş dağıntılar barədə həm Milli Assambleyanın üzvlərinə, həm də Fransa ictimaiyyətinə obyektiv məlumatlar verəcəklər. Spiker təəssüf hissi ilə bildirib ki, bəzi Qərb ölkələrində erməni lobbisinin təsiri altında fəaliyyət göstərən siyasi qüvvələr Azərbaycana qarşı qərəzli bəyanatlar qəbul edirlər. Əlbəttə ki, bütün bunlar Azərbaycan ictimaiyyətini narahat edir. Biz bu məsələdə beynəlxalq birliyin daha ədalətli davranacağına, Ermənistanın törətdiyi təxribatlara və vəhşiliklərə obyektiv münasibət bildirəcəyinə ümid edirik.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Fransa Milli Assambleyasının nümayəndə heyətinin üzvü Jerom Lamber ölkəmizə səfərlərindən  və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söyləyib. Bildirilib ki, bu cür görüşlər bölgə həqiqətləri ilə yaxından tanış olmaq, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir.

Görüşdə Fransa Milli Assambleyasının üzvləri – Frederik Dumas, Karol Buro Bonnar, Jan Lük Reitzel, Sandrin Morş, Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Soltan Məmmədov, qrupun üzvü Cavanşir Feyziyev çıxış edərək tərəfləri maraqlandıran  məsələlər ətrafında fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki