Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan İslam Respublikasına səfəri çərçivəsində iyunun 2-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) İslamabadda keçirilən İkinci Ümumi Konfransında yekun çıxış edib.
Milli Məclisin Sədri bu konfransı İƏT PA-nın hədəfləri baxımından çox səmərəli və uğurlu hesab etdiyini diqqətə çatdırıb. Sahibə Qafarova Pakistan Parlamentinin Sədri Əsəd Qeysərə və Katiblik üzvləri də daxil olmaqla Pakistan parlamentinin bütün üzvlərinə belə yüksək səviyyəli tədbirin keçirilməsinə və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. O, həmçinin Əfqanıstandan olan həmkarını bu ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının növbəti – üçüncü Ümumi Konfransına ev sahibliyi etmək qərarı münasibətilə təbrik edib, həmkarına növbəti konfransda uğurlar arzulayıb.
Spiker çıxışında bildirib ki, ikinci ümumi konfrans parlamentlərimizin İƏT-ə üzv ölkələr arasında inteqrasiya proseslərinə daha çox dinamizm verilməsinin zəruriliyinə dair ortaq mövqeyini müəyyənləşdirmək baxımından çox əhəmiyyətli oldu. Konfransın nəticələri, təşkilat üzvlərinin bölgələrimizdəki tərəfdaşlıq və əməkdaşlıq proseslərini inkişaf etdirmək əzmində olduqlarını bir daha nümayiş etdirdi.
Milli Məclisin Sədri konfrans çərçivəsində parlament nümayəndə heyətləri arasında keçirilmiş görüşlərdən məmnunluğunu ifadə edib.
Bildirib ki, bu iki gün ərzində davamlı inkişafın məqsədləri, ticarət və qarşılıqlı əlaqələr, turizm sahəsində əməkdaşlıq, yoxsulluğun azaldılması, siyasətdə qadınlar, iqlim dəyişiklikləri, COVID-19 qlobal pandemiyasına qarşı mübarizədə birgə səylərin gücləndirilməsi, eləcə də hamımızı maraqlandıran müxtəlif mövzularda dərin və əhatəli müzakirələr aparıldı.
Milli Məclisin Spikeri yekun nitqinin sonunda gələcəkdə ölkələrimizin daha da inkişafına və xalqlarımızın rifahına aparacaq yeni fürsətlərin yaranacağına əminliyini bildirib, təşkilat üzvlərinə gələcək işlərində uğurlar arzulayıb.
Tədbirdə İkinci Ümumi Konfransın yekunlarına dair İslamabad Bəyannaməsi imzalanıb.