image-4e957f85-c565-480d-bc1c-ff363de060dbbackend

Milli Məclisin sədri Sahibə Qafarova TBMM-in qadın deputatları ilə görüşüb

image-reklam_sirab_01

Veteninfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinən verilən məlumatda deyilir ki, Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 4-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin qadın deputatları – TBMM-in Qadınlara qarşı zorakılıqla mübarizədə araşdırma və monitorinq komissiyasının sədri Öznur Çalık və komissiya sədrinin müavini Tuba Vural Çokal ilə görüşüb.

Milli Məclisin sədri Türkiyə Böyük Millət Məclisinin üzvlərini salamlayaraq bildirib ki, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin kökü xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir. Dünya Azərbaycanın 44 günlük Vətən müharibəsində bir daha bu qardaşlığın şahidi oldu. Bu gün Azərbaycan ilə Türkiyə arasında əlaqələr özünün ən yüksək zirvəsinə çatıb.

Milli Məclisin sədri bildirib ki, iki qardaş ölkə bir millət, iki dövlət olaraq çox sıx münasibətlər qurub. Dövlət başçılarımız cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri dövlətlərimiz arasındakı birliyin yüksək səviyyəyə çatmasında mühüm rol oynayır.

Sədr bildirib ki, Azərbaycan Milli Məclisi və Türkiyə Böyük Millət Məclisi xalqlarımız arasında münasibətlərin ruhuna uyğun olaraq, əlaqələrimizi uğurla inkişaf etdirirlər. Bu əlaqələr parlamentlər arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda özünü göstərir. Parlamentlərimizdə qarşılıqlı fəaliyyət göstərən böyük dostluq qrupları vardır və onların fəaliyyəti təqdirəlayiqdir.

Sahibə Qafarova qeyd edib ki, parlamentlərimiz arasında qarşılıqlı səfərlərin və görüşlərin artırılması olduqca mühümdür. Çünki bu təmasların intensivləşməsi ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsinə mühüm töhfədir.

Söhbət zamanı spiker qonaqlara Azərbaycanda həyata keçirilən qadın siyasəti, qadınların parlamentdə təmsilçiliyi, gender bərabərliyinin təmin olunması və qadın hüquqlarının qorunması istiqamətində həyata keçirilən işlər barədə məlumat verib. Diqqətə çatdırıb ki, Azərbaycan 20-ci əsrin əvvəllərində Şərqdə qadınlara seçki hüququ verən ilk ölkədir və bu hadisə Azərbaycanda bir çox Avropa ölkələrindən əvvəl baş verib.

Sədr qeyd edib ki, bu gün Azərbaycanda qadınlar dövlət idarəçiliyində və ölkə həyatının müxtəlif sahələrində aparıcı mövqelər tuturlar. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti, ölkəmizdə və ölkədən kənarda həyata keçirdiyi nəhəng işlər hər bir qadın üçün böyük nümunədir.

Görüşdə çıxış edən TBMM-in Qadınlara qarşı zorakılıqla mübarizədə araşdırma və monitorinq komissiyasının sədri Öznur Çalık bildirib ki, Türkiyə və Azərbaycan əsrlər boyu dərin tarixi dostluq və qardaşlıq kökləri ilə bağlı olan iki dövlət, tək millətdir. Biz bir-birimizin acısını öz acımız, sevincini isə öz sevincimiz hesab etmişik.

Söhbət zamanı TBMM-in deputatı Türkiyədə səhiyyə, qadın siyasəti, qadınların hüquqlarının qorunması, gender bərabərliyi, qadınların cəmiyyətdə rolu, parlamentdə təmsilçiliyi barədə  danışıb, bu məsələlərlə bağlı Türkiyə dövlətinin həyata keçirdiyi siyasət barədə məlumat verib.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə Milli Məclisin komitə sədrləri Hicran Hüseynova, Qənirə Paşayeva və Milli Məclisin deputatı Məlahət İbrahimqızı da iştirak ediblər.

image-4e957f85-c565-480d-bc1c-ff363de060db image-8a98ed6b-964e-42f0-b5c6-3b97d9a9f014 image-001861ee-da75-47f3-9bc6-241a6c9aab2d

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki