Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Veteninfo.az-a verilən məlumatda deyilir ki,Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin İtaliya tərəfinin dəvəti ilə mayın 17-də bu ölkəyə rəsmi səfəri başlayıb.
Nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədri Tahir Mirkişili, komissiya sədri Eldar Quliyev, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Qüdrət Həsənquliyev, Elnur Allahverdiyev, Aqiyə Naxçıvanlı, Afət Həsənova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Mayın 17-də Milli Məclisin Sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Romanın “Çampino” hava limanında İtaliya Senatının Xarici əlaqələr və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli, ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadə və səfirliyin əməkdaşları qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin Sədrinin İtaliya parlamentinin hər iki palatasının sədrləri, ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi və ölkəmizlə İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanin həmsədri, İtaliya parlamentindəki dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşləri nəzərdə tutulub.
Parlament nümayəndə heyətinin səfəri mayın 19-da başa çatacaq.