Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə İtaliyada rəsmi səfərdə olan Azərbaycan parlament nümayəndə heyəti mayın 18-də Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Xatırladırıq ki, bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb. Həmin Sərəncama əsasən Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub.