İsrail və müttəfiqləri İrandakı mövcud rejimi devirmək məqsədilə Tehrana qarşı iqtisadi, diplomatik və hərbi təzyiqləri artırmalıdırlar.
Vətəninfo.az xəbər verir ki, bu barədə İsrailin kəşfiyyat xidməti Mossadın keçmiş rəhbəri David Barnea Qüds Bələdiyyəsində onun şərəfinə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Barnea hesab edir ki, İran rejimi hakimiyyətdən gedənədək ona qarşı təzyiqlərin davam etdirilməsi zəruridir.
“Məncə, bu rejim süqutana qədər ona iqtisadi, diplomatik və əməliyyat təzyiqini artırmaqdan başqa çarəmiz yoxdur. O, şübhəsiz ki, süqut edəcək”, – deyə keçmiş Mossad rəhbəri bildirib.
Barneanın sözlərinə görə, İran xalqı da mövcud rejimin hakimiyyətdən getməsini “həsrətlə gözləyir”. O bildirib ki, yalnız bundan sonra iranlılar gələcəyə dair “ən azı bir işıq parıltısı görə” bilərlər.
Keçmiş Mossad rəhbəri ABŞ və İsrail başda olmaqla Qərb ölkələrinin də İran məsələsində eyni məqsədi güddüyünü və bu istiqamətdə “hər zamankindən daha qətiyyətli” olduqlarını iddia edib.
Barnea həmçinin son bir il ərzində İsraillə İran arasında baş verən qarşıdurmaların İran probleminin yalnız İsraili deyil, bütün dünyanı narahat etdiyini göstərdiyini vurğulayıb.
Onun sözlərinə görə, İranla bağlı problem həll edilmədiyi təqdirdə bunun nəticələri digər ölkələrə də təsir göstərə bilər.
“Dünya anlamağa başlayır ki, əgər bu məsələ həll olunmazsa, bu, hər kəsə çatacaq və hər kəsə, hər yerə təsir edəcək: istər ballistik raketlər, istər terrorizm, istərsə də kütləvi qırğın silahlarının, o cümlədən nüvə silahlarının hazırlanması olsun”, – deyə Barnea bildirib.
David Barnea beş il ərzində Mossada rəhbərlik edib. O, iyun ayında vəzifəsindən istefa verib və onun yerinə Roman Hoffman təyin olunub.
Barneanın açıqlamaları İsrail-İran qarşıdurmasının davam etdiyi bir vaxtda səslənib və Tehrana qarşı təzyiqlərin daha da artırılması çağırışını ehtiva edir.


























