image-364230_res_01backend

Narkokuryer Əllahbəxş Bağış oğlu Yardımlı dağlarında məhv edildi

image-reklam_sirab_01

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti bir neçə gün əvvəl İranla sərhəddə iki sərhədçimizi qətlə yetirən narkokuryerlərdən birinin Yardımlıda keçirilən xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilməsi barədə birgə məlumat yayıb. Məlumatda deyilir:

-Xəbər verildiyi kimi, mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində 3 nəfər naməlum şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açıb.  Nəticədə xidməti vəzifələrini icra edən 2 hərbi qulluqçunun həlak olması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq davam etdirilir.

İstintaq zamanı cinayət hadisəsinin iştirakçılarından biri – İran İslam Respublikasının vətəndaşı Həsənəli Bərgi təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bu gün saat 10 radələrində DİN-nin Daxili Qoşunlarının və DSX-nın əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayət hadisəsinin digər iştirakçılarından biri – İran İslam Respublikasının vətəndaşı Ağayi Əllahbəxş Bağış oğlunun Yardımlı rayonu ərazisində gizləndiyi yer müəyyən edilib, o, təslim olmayaraq, silahlı müqavimət göstərdiyindən hərbi qulluqçularımız tərəfindən silah tətbiq edilməklə zərərsizləşdirilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə keçirilmiş baxış zamanı 1 ədəd “AK 74” silahı, onun komplekt hissəsi – içərisində 20 ədəd patronu olan 1 ədəd daraq, odlu silaha aid gilizlər və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq götürülüb, Əllahbəxş Ağayinin meyitinin xarici və daxili müayinəsinin keçirilməsindən ötrü məhkəmə-tibbi ekspertizası təyin olunub.

Hazırda cinayətin digər iştirakçısının şəxsiyyətinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, habelə işin digər hallarının araşdırılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

***

Azərbaycan sərhədçilərini qətlə yetirərək qaçan İran vətəndaşı zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, mayın 18-də DİN-in Daxili Qoşunlarının əməkdaşlarının keçirdiyi əməliyyat zamanı dağlarda gizlənən İran vətəndaşının birinin yeri müəyyən edilib. Həmin şəxs təslim olmayaraq silahlı müqavimət göstərib. Bu zaman Daxili Qoşunların əməkdaşları silah tətbiq etmək məcburiyyətində qalıb və həmin şəxsi zərərsizləşdiriblər.

Xatırladaq ki, mayın 15-də DSX Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açıb və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olublar.

Keçirilən əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, saxlanılan şəxsin İran İslan Respublikasının vətəndaşı Bərgi Həsənəli Novruz oğlu olması müəyyən edilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla ölkə ərazisinə gətirdikləri narkotik vasitə hesab olunan 3840 qram marixuana və 95 qram metamfetamin, güclü təsir edən maddə olan 17715 ədəd preqabalin həbi, eləcə də odlu silaha aid gilizlər və digər maddi subutlar aşkar olunaraq götürülüb.

İstintaq zamanı Bərgi Həsənəli Novruz oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işinin istintaqının aparılması Baş Prokurorluğunun rəhbərliyinin göstərişinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki