Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib.
Vətəninfo.az DİN-ə istinadən xəbər verir ki, Binəqədi Rayon İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirib. Tədbirlər zamanı əvvəllər məhkum olunmuş Azər Əzizovdan 2 kiloqram 130 qram heroin, Xırdalan şəhər sakini Murad Hüseynovdan 4 kiloqram 375 qram marixuana aşkarlanıb.
Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq odlu silah-sursat saxlayan əvvəllər məhkum olunmuş Oktay Xanlarzadə saxlanılıb. Ondan 1 ədəd lüləsi kəsilmiş odlu silah və 4 ədəd patron aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edilib ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən aprel ayı ərzində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 95 fakt aşkar olunub. Vətəndaşlarla aparılaran profilaktik tədbirlərin nəticəsi olaraq 7 odlu silah, o cümlədən 5 “Kalaşnikov” avtomatı, 2 “Makarov” tapançası və 187 ədəd patron polis əməkdaşlarına təhvil verilib.