image-img-20210516-wa0040backend

Naxçıvan bütün istiqamətlər üzrə dayanıqlı inkişafa müvəffəq olub

image-reklam_sirab_01

Ötən illər ərzində dünyada baş verən bir sıra təlatümlü hadisələrin, qlobal böhranların, pandemiyanın yaratdığı ciddi çətinliklərin özünü daha açıq şəkildə büruzə verdiyi bir vaxtda Azərbaycan və onun dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası nəinki bütün bunların təsirlərini minimum həddə endirməyi bacardı, həm də dinamik inkişaf tempini qoruyub saxladı. Muxtar respublikanın bölgələrində sosial infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin hər il daha da yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, investisiya qoyuluşunun artması, yeni müəssisələrin və iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması davamlı yüksəlişi xarakterizə edən amillər sırasında yer alır.
May ayının 10-da Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri edərək son vaxtlarda Muxtar Respubılikada görülən işlər, həyata keçirilən layihələrlə tanış olub və səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlətimizin başçısı öz geniş müsahibəsində qeyd edib ki, bu səfər onun Naxçıvana son 18 ildə sayca 15-ci səfəri idi. Ölkə başçısı hər səfərində olduğu kimi, bu dəfəki səfərdə də mühüm infrastruktur obyektlərinin açılışını həyata keçirdi.
Qeyd edilməlidir ki, bu gün Naxçıvan Muxtar Respublikası ölkə başçısının diqqət və qayğısı nəticəsində iqtisadi artım templərinə görə Azərbaycanın ən öndə gedən bölgələrindən biridir. Naxçıvanda iqtisadi artımın əsas göstəricisi hesab olunan ÜDM (Ümumi Daxili Məhsul) 10 dəfədən çox artıb ki, bu səviyyədə iqtisadi artıma nadir hallarda rast gəlinir. Yalnız bunu demək kifayət edir ki, Naxçıvan Muxtar Respublikasının büdcəsi Ermənistanın dövlət büdcəsi ilə müqayisə olunmağa başlayıb və inanırıq ki, yaxın zamanlarda Ermənistanın büdcəsindən daha artıq olacaq.
44 günlük müharibədən qalib çıxmış ölkəmiz dövlət başçısının göstərişlərinə uyğun olaraq iqtisadiyyatını hər keçən gün daha da gücləndirir. Belə ki, iqtisadiyyatımızın əsas sahələrindən biri olan kənd təsərrüfatı ilə bağlı görülmüş işlər müsbət dinamikanı təmin edir və muxtar respublikada əsası qoyulmuş Süni Mayalanma Mərkəzinin açılışı qısa müddət ərzində Naxçıvanda heyvandarlığın inkişafına böyük töhfə olacaqdır. Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadi artımla yanaşı, infrastruktur layihələri də uğurla icra edilir. Vaxtilə Naxçıvanda elektrik enerjisi yox idi, Ermənistan Muxtar Respublikaya gələn bütün enerji xətlərini kəsmişdi. Ermənilər bununla muxtar respublikanı blokadaya salmağa cəhd edərək, vəziyyəti daha da ağırlaşdırırdılar. Lakin əvvəlcə ümummilli lider Heydər Əliyevin, sonradan isə onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində bu gün Naxçıvan hər şeylə tam təchiz olunub və muxtar respublikada elektrik enerjisi ilə təchizat, habelə qazlaşdırma 100 faizdir.
Onu da qeyd edək ki, bu günlərdə ölkə başçısı tərəfindən Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin də açılışı oldu. Bundan başqa, vətəndaşlara xidmət sahəsində əsas yer tutan, dünyada bu sahədə Azərbaycan brendi olan və hazırda tikilməkdə olan 7 “ASAN xidmət” mərkəzindən biri hazırda Naxçıvanda tikilir. Bununla da ölkəmizdə “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq. Habelə yeni uçuş-enmə zolağının istifadəyə verilməsi də muxtar respublikada turizmin inkişafına böyük təkan verəcək”.
Prezident İlham Əliyevin səyləri nəticəsində Naxçıvanın müdafiə potensialının da gündən-günə möhkəmlənir. Ölkə başçısının səfəri çərçivəsində hərbi aerodromun açılışı Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılmış ciddi addımlardan biridir. Bu gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu öz döyüş hazırlığını yüksək səviyyədə qoruyur, qarşıya qoyulmuş əsas vəzifələrin öhdəsindən layiqincə gəlir. Belə ki, Vətən müharibəsində Naxçıvan Ordusunun hərbçiləri də çox böyük şücaət göstərdilər, habelə uğurlu Günnüt əməliyyatı ordunun tam hazır olmasını bir daha sübut etdi.
Ölkəmizin bir parçası olan muxtar respublikada da hərbi qulluqçular, onların ailə üzvlərinin qayğıları daim diqqət mərkəzində saxlanılmış, onların məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bütün addımlar atılmışdır. Ölkə başçısı tərəfindən muxtar respublikada hərbi hospitalın açılışı da bu qəbildən əlamətdar hadisədir.
Uzun illər blokada şəraitində yaşayan bir diyarın müasir dövrün digər çətinliklərinə də sinə gərərək inkişaf etməsi Azərbaycan dövlətinin tarixi nailiyyətidir. Muxtar respublikada bütün Dövlət proqramlarının, infrastruktur layihələrinin reallaşdırılması, lazımi islahatların vaxtında aparılması uğurlu nəticələr əldə olunmasına şərait yaradıb, irimiqyaslı quruculuq, abadlıq işlərinin davam etdirilməsinə, kənd təsərrüfatı, sənaye sahəsi də daxil olmaqla, bütün istiqamətlərdə yeni-yeni uğurların qazanılmasına rəvac verib.
Bütün bunlar deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf xətti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki