image-img-20210517-wa0000backend

Naxçıvanın infrastruktur layihələri şaxələnir

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin Naxçıvan Muxtar Respublikasına xüsusi diqqət və qayğı ilə yanaşma siyasətini dönmədən davam etdirir. Bunu ölkə başçısının on yeddi illik siyasi rəhbərliyi dövründə on beş dəfə – demək olar ki, hər il müxtəlif vaxtlarda muxtar respublikaya səfər etməsi də aydın təsdiq edir. Prezident İlham Əliyevin mayın 10-da Naxçıvana səfəri isə bir sıra mühüm hadisələrlə rəmzi xarakter daşıyır.
Ölkə başçısının növbəti Naxçıvan səfəri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak etməsi blokada dövründə Naxçıvanın yeganə nəqliyyat əlaqəsinin hava yolları olduğunu, insanların gediş-gəliş üçün necə deyərlər, “havadan asılı qaldığı” illəri xatırlatdı. Ölkə başçısı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, Culfa-Ordubad magistral avtomobil yolunun, ikinci Süni Mayalanma Mərkəzinin, “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışlarında iştirak etdi. Eyni zamanda Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri, “ASAN xidmət” Mərkəzinin tikintisi ilə tanışlıq oldu, milli brendimiz sayılan DOST Mərkəzinin Naxçıvanda da yaradılması ilə bağlı qərar qəbul edildi.
Prezident İlham Əliyevin növbəti səfərinin digər bir rəmzi mənası İkinci Vətən müharibəsi sonrası ordusu, saxta hərbi imici tamamilə darmadağın edilən Ermənistandan fərqli olaraq Azərbaycanın hərbi qüdrətini daha da gücləndirmək müstəvisində ordu quruculuğunu uğurla, düşünülmüş şəkildə davam etdirməsi ilə əlaqədardır. Dövlətimizin başçısının iştirakı ilə Naxçıvan Muxtar Respublikası kimi strateji bölgədə Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışı dediklərimizin sübutudur.
Bu gün Ümummilli Lider siyasətinin uğurlu davamının bəhrəsidir ki, muxtar respublikada enerji təhlükəsizliyi tam təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Araz çayı üzərində tikilən Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanışlığı muxtar respublikanın enerji təchizatının çox yaxında tamamilə alternativ enerji mənbələri hesabına ödəniləcəyinə zəmanət verir.
Yeni istifadəyə verilən obyektlər ölkəmizdə, eləcə də muxtar respublikamızda inkişaf strategiyasının uğurla və davamlı həyata keçirildiyini, Naxçıvanın özünün ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyinə nail olduğunu, burada ordu quruculuğuna xüsusi diqqət yetirildiyini təsdiqlədi. Hər yeni obyektin, eyni zamanda yeni iş yerləri demək olduğunu nəzərə alsaq, bu həm də insan amilinə verilən yüksək dəyərin ifadəsidir.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində ümummilli lider, dünyaşöhrətli siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini müasir dövrün məşhur siyasətçisi kimi yeni müstəvidə təhlil etdi. Ölkə başçımızın Naxçıvanın blokadada olmasına baxmayaraq, sürətlə inkişaf etməsi, yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı – bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlərdən, Naxçıvanda çox böyük enerji potensialı, müasir yol infrastrukturu yaradılmasından ürəkdolusu razılıq və məmnunluq hissi ilə bəhs etməsi Naxçıvanın, elə, bütövlükdə, Azərbaycanın bədxahlarına ən tutarlı cavabdır.
Məlum olduğu kimi, 10 noyabr tarixli Bəyanata əsasən həm də Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasına başlanılıb. Zəngəzur dəhlizinin açılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsi daha da genişlənəcək, Naxçıvanı Azərbaycana, Azərbaycanı isə Türk dünyasına birləşdirəcək Zəngəzur dəhlizi Türkiyə üçün Mərkəzi Asiyaya qapı rolunu da oynayacaq. Həyata keçirilməkdə olan Türkiyə Qars-Naxçıvan dəmir yolu layihəsi Naxçıvanla Türkiyəni birləşdirəcək. Növbəti mərhələdə bu dəmir yolunun Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb bölgələri ilə birləşdirilməsi Naxçıvanın da inkişafına mühüm təkan vermiş olacaq. Hazırda muxtar respublikada dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən tədbirlər də buna xidmət edir.
Ölkə başçısının son səfəri bütünlüklə onu sübut etdi ki, Naxçıvan Muxtar Respublikasında daha sürətli inkişaf istiqamətində görülən işlər muxtar respublikanın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “…muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

Ilqar Əliyev – Dövlət İdarəçilik Akademiyası


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki