image-reklam-veteninfo
image-mahir1backend

Naxçıvanın yeni inkişaf strategiyası: müasir inkişaf modeli və vahid konsepsiya

image-reklam-veteninfo

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi geniş müsahibədə qeyd etdiyi fikirlər muxtar respublikada son illər ərzində həyata keçirilən işlərin miqyasını, əldə olunan nəticələri və qarşıdakı dövr üçün müəyyənləşdirilən yeni hədəfləri ortaya qoyub.

Prezident İlham Əliyevin Naxçıvana bu səfəri muxtar respublikaya göstərilən diqqətin və burada həyata keçirilən inkişaf siyasətinin göstəricisidir. Səfər çərçivəsində keçirilən tədbirlər, təməli qoyulan yeni layihələr və verilən tapşırıqlar Naxçıvanın inkişafının təhlükəsizlik, iqtisadiyyat, enerji, kənd təsərrüfatı, nəqliyyat, şəhərsalma və idarəetməni əhatə edən kompleks yanaşma əsasında davam etdirildiyini nümayiş etdirir.

Naxçıvanda həyata keçirilən genişmiqyaslı layihələr muxtar respublikanın sosial-iqtisadi simasını əhəmiyyətli dərəcədə dəyişib. İnfrastrukturun yenilənməsi, enerji təminatının gücləndirilməsi, sosial obyektlərin yaradılması, nəqliyyat imkanlarının genişləndirilməsi və iqtisadi potensialın artırılması gələcək inkişaf üçün möhkəm baza formalaşdırıb. Prezident İlham Əliyev qeyd edib: “Səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır”. Bu fikirlər Naxçıvanın inkişafının artıq yeni mərhələyə keçdiyinin göstəricisidir. Qarşıdakı əsas məqsəd əldə edilmiş nəticələri daha da möhkəmləndirmək və muxtar respublikanın iqtisadi potensialından daha səmərəli istifadə etməkdir. Dövlət başçısının “Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək” fikri də məhz bu strateji yanaşmanı ifadə edir.

Naxçıvanın geostrateji mövqeyi təhlükəsizlik məsələlərinə xüsusi yanaşmanı zəruri edir. Muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması müdafiə potensialının daim gücləndirilməsini mühüm prioritetə çevirir. Bu istiqamətdə son illərdə həyata keçirilən tədbirlər nəticəsində Naxçıvanın hərbi imkanları əhəmiyyətli dərəcədə artırılıb. Əlahiddə Ordunun yaradılması, ən müasir hərbi texnika ilə təchizat, yeni komando qüvvələrinin formalaşdırılması və hərbi potensialın davamlı şəkildə gücləndirilməsi Azərbaycanın müdafiə siyasətinin Naxçıvanda da ardıcıl xarakter daşıdığını nümayiş etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Silahlı Qüvvələri bu gün bölgədə söz sahibidir. Naxçıvanın müdafiə potensialının daha da gücləndirilməsi ilə bağlı planlar təhlükəsizliyin muxtar respublikanın inkişaf strategiyasının birinci şərti olaraq qalacağını təsdiqləyir. Əslində, Naxçıvanın inkişaf modelində təhlükəsizlik və iqtisadi inkişaf bir-birini tamamlayan iki əsas istiqamətdir. Təhlükəsizliyin möhkəm təmin olunması investisiya, sənaye, enerji və sosial inkişaf üçün etibarlı zəmin yaradır.

Səfərin mühüm hadisələrindən biri Naxçıvan Sənaye Parkının təməlinin qoyulması oldu. Bu layihə muxtar respublikanın sənaye potensialının genişləndirilməsi və yeni iş yerlərinin yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda yaradılan sənaye parkları istehsalın genişləndirilməsi, sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi və məşğulluğun artırılması baxımından mühüm nəticələr verib. Naxçıvan Sənaye Parkının yaradılması bu modelin muxtar respublikada daha geniş miqyasda tətbiqinə imkan verəcək. Ərazi baxımından Sumqayıt Sənaye Parkından sonra ikinci böyük sənaye parkının Naxçıvanda yaradılması layihənin miqyasını göstərir. Burada yeni istehsal müəssisələrinin, biznes subyektlərinin və sənaye infrastrukturlarının formalaşması gözlənilir. Bu baxımdan Naxçıvan Sənaye Parkını muxtar respublikanın iqtisadi fəallığının artırılmasına xidmət edən yeni sənaye ekosistemi kimi dəyərləndirmək mümkündür.

Naxçıvanın enerji strategiyasının digər mühüm istiqaməti bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlıdır. Qarabağ və Şərqi Zəngəzur kimi Naxçıvanın da yaşıl enerji zonası elan edilməsi Azərbaycanın yaşıl enerji siyasətinin ölkənin müxtəlif strateji bölgələrində paralel şəkildə həyata keçirildiyinin göstəricisidir. Hazırda Naxçıvanda istehsal olunan enerjinin əhəmiyyətli hissəsinin bərpaolunan enerji hesabına formalaşması bu sahənin artıq real iqtisadi və enerji potensialına çevrildiyini nümayiş etdirir. Günəş və su elektrik stansiyalarının fəaliyyəti ilə yanaşı, enerji saxlanc texnologiyalarının tətbiqi də qarşıdakı dövrdə xüsusi əhəmiyyət daşıyacaq. Azərbaycan artıq neft və qazını dünya və Avropa bazarlarına çıxaran ölkədir. Qarşıdakı mərhələdə elektrik enerjisinin ixracının genişləndirilməsi də strateji hədəflər sırasındadır. Hazırda elektrik enerjisinin Türkiyə üzərindən Avropa istiqamətində ixracı üçün mövcud imkanların genişləndirilməsi nəzərdə tutulur. Qara dəniz sualtı elektrik kabeli layihəsi isə Azərbaycanın Avropa enerji sisteminə inteqrasiyası baxımından əlavə perspektiv yaradır. Bundan başqa, 2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi ilə bağlı əldə edilmiş razılaşma Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında enerji bağlantılarının perspektivini genişləndirir.

Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi fikirlərdən biri də Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid konsepsiya əsasında inkişaf etdirilməsi ilə bağlıdır. Bu yanaşma həmin ərazilərin Azərbaycanın gələcək inkişafında xüsusi strateji məkanlar kimi nəzərdən keçirildiyinin göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurda şəhərlərin Baş planlarının təsdiq edilməsi, müasir yaşayış məkanlarının yaradılması, yaşıl enerji layihələrinin həyata keçirilməsi və yeni idarəetmə modelinin tətbiqi Naxçıvan üçün də müəyyən mənada nümunə təşkil edir. Naxçıvan şəhərinin Baş planının hazırlanması və şəhərin müasir infrastrukturunun inkişaf etdirilməsi barədə verilən tapşırıq da bu yanaşmanın tərkib hissəsidir. Beləliklə, söhbət yalnız ayrı-ayrı layihələrin paralel icrasından deyil, Azərbaycanın strateji əhəmiyyət daşıyan üç bölgəsinin inkişafında ortaq prinsiplərin tətbiqindən gedir.

Qarşıdakı mərhələnin əsas məqsədi Naxçıvanın mövcud potensialını tam reallaşdırmaq, muxtar respublikanı təhlükəsiz, iqtisadi cəhətdən güclü, enerji baxımından dayanıqlı, müasir nəqliyyat imkanlarına malik və yüksək həyat səviyyəsi təmin edən məkana çevirməkdir. Bu strategiyanın uğurla həyata keçirilməsi Naxçıvanın Azərbaycanın ümumi inkişafında rolunu daha da artıracaq və muxtar respublikanı regionun mühüm iqtisadi, enerji və nəqliyyat mərkəzlərindən birinə çevirə biləcəkdir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki