image-2021-11-01-2backend

Nərimanov rayonunda Vətən müharibəsinin şəhidi Sənan  Şahin oğlu Abdullayevin doğum günü qeyd edilmişdir.

image-reklam_sirab_01

Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində, tarixi Zəfərin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də  Abdullayev Sənan Şahin  oğludur.

01 noyabr 2021-ci il tarixdə şəhid Sənan Abdullayevin doğum günü ilə bağlı ilk öncə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İH-nin kollektivi, şəhid Sənan Abdullayevin ailə üzvləri, rayonun digər şəhid ailələri II Fəxri Xiyabana gəlmiş, onun məzarını ziyarət edərək əklil qoymuş, xatirəsini dərin ehtiramla yad etmişlər. Daha sonra digər şəhid olmuş igid Vətən oğullarının da unudulmaz xatirələri yad edilərək məzarlarına güllər qoyulmuşdur. Çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək, Sənan Abdullayevin valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edərək, Allahdan onlara səbir diləmişdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan Abdin Fərzəliyev dövlət və xalq birliyinin yaratdığı dəmir yumruğun düşmənin başını əzdiyini və qorxulu kabusuna çevrildiyini söyləmişdir. Qeyd edilmişdir ki, Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi, Sənan Abdullayevin də göstərdiyi qəhrəmanlıq, şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə qəhrəman şəhidimiz “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Sonra şəhid Sənan Abdullayevin doğum günü ilə əlaqədar onun təhsil aldığı E.İsaqzadə adına 37 nömrəli tam orta məktəbdə anım tədbiri keçirilmiş, onun adını daşıyan sinif otağının açılışı olmuşdur. Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmış, Şəhid Sənan Abdullayev adına sinif otağında şəhidin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilmiş, müəllim və sinif yoldaşlarının onunla bağlı xatirələri dinlənilmişdir. Tədbirdə çıxış edənlər öz qanı ilə şanlı tariximizə adını yazan, xalqımıza zəfər sevinci yaşadan Sənan kimi oğulların ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırmışlar. Sonra şagirdlər arasında Sənan Abdullayevin xatirəsinə həsr edilmiş  şahmat turniri keçirilmişdir. 30 nəfər şagirdin qatıldığı şahmat turnirinin qalıblərinə şəhid Sənan Abdullayevin atası Şahin Abdullayev tərəfiindən mükafatlar təqdim edilmişdir. Turnirin sonunda şəhidin atası Şahin Abdullayevə turnirin “Xatirə diplomu” və Dövlət Bayrağı təqdim olunmuşdur.

Şəhidin atası Şahin Abdullayev çıxış edərək  övladı ilə qürur duyduğunu bildirmiş, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki