Türkiyənin tanınmış futbol şərhçisi və keçmiş milli futbolçu Nihat Kahveci UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Fənərbaxça”nın Polşa təmsilçisi “Qornik Zabrze” ilə 1:1 hesablı heç-heçə etdiyi matçdan sonra komandanın çıxışını dəyərləndirib.
Vətəninfo.az xəbər verir ki, “Kontraspor”un YouTube kanalında danışan Kahveci xüsusilə “Fənərbaxça”nın futbolçusu Kərəm Aktürkoğlunun performansını sərt tənqid edib.
Şərhçi bildirib ki, milli futbolçunun hazırkı forması gözləntilərdən çox uzaqdır:
“Düzünü desəm, Kərəm ən zəif oyunlarında belə vacib qollar vurmağı bacarırdı. “Qalatasaray”da tənqid olunsa da, komandasına daim qol və məhsuldar ötürmələrlə töhfə verirdi. “Benfika”da da gözlədiyimdən daha yaxşı çıxış etdi və Türkiyəni layiqincə təmsil etdi. Lakin “Fənərbaxça”ya keçdikdən sonra mövsümün ilk hissəsində komandanın ən zəif oyunçularından biri idi. Sonradan Avropa oyunlarında vurduğu qollar komandaya müsbət təsir göstərdi, amma daha sonra yenidən eniş başladı.”
Kahveci Kərəm Aktürkoğlunun son oyunlardakı çıxışını da tənqid edərək, onun həm klubunda, həm də Türkiyə millisində gözlənilən performansı sərgiləyə bilmədiyini bildirib.
“Vəziyyət çox pisdir. Kərəm hazırda çox zəif təsir bağışlayır. Artıq onunla bağlı transfer iddiaları da gündəmdədir. Hətta qol vurmağa davam etsə belə, Leao kimi bir futbolçunun adı hallansaydı, yenə ehtiyat oyunçular skamyasında qalardı. Hazırkı vəziyyətdə isə Leao olmasa belə, əsas heyətdə yerini təmin edə bilmir”, – deyə Kahveci vurğulayıb.
Qeyd edək ki, “Fənərbaxça” “Qornik Zabrze” ilə cavab görüşündə 1:1 hesablı heç-heçə etsə də, iki oyunun nəticəsinə əsasən UEFA Çempionlar Liqasının növbəti təsnifat mərhələsinə yüksəlməyi bacarıb.


























