image-unnamedbackend

Ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsi regional tərəqqiyə mühüm töhfələr verir

image-reklam_sirab_01

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.
Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşsa da, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə bir ehtiyac duyulmaqdadır. Çünki Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sferada əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Son günlər bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Söhbət energetika sahəsində ölkələrimiz arasında artıq bütün əsas detalları razılaşdırılmış yeni qaz müqaviləsindən gedir. Xatırladaq ki, keçən ay Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. Hazırda konkret texniki işlər aparılır və müvafiq saziş artıq imzalanmaq üçün hazırlanır. Sözügedən sazişin isə Prezident İlham Əliyevin iyunun 7-8-də Türkiyəyə səfəri zamanı imzalanması nəzərdə tutulur.
Ölkələrimiz arasında yeni sazişin imzalanması isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biri olacaq. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı məşhur “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Bütün bunlar isə ölkələrimizin energetika sahəsində möhkəmlənən əlaqələrinin qlobal enerji təhlükəsizliyinin təminatına da yeni mühüm töhfələr bəxş edəcəyindən xəbər verir. Bu günə qədər isə ölkələrimizin birgə həyata keçirdiyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi hazırda Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.
Perspektivdə isə Azərbaycan və Türkiyənin iqtisadi sahədə münasibətlərini daha da möhkəmləndirəcək əsas məqamlardan biri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi olacaq. Hazırda tikintisi davam edən bu dəmir yolunun həm də Naxçıvana kimi uzadılması nəzərdə tutulur. Bu isə Naxçıvanın mərkəzlə kommunikasiya əlaqələrində yeni mərhələnin başlanması, muxtar respublikanın iqtisadi cəhətdən daha da güclənəcəyi deməkdir. Hazırada Naxçıvanın həm iqtisadi sferada sürətlə inkişaf etməsində, həm də təhlükəsizliyinin təmin olunmasında qardaş Türkiyə böyük rol oynayır. Artıq gələn ayın 17-dən etibarən, Naxçıvana hava yolu ilə daşınmalara başlanacaq. Ölkəmizdə səfərdə olarkən bu məsələyə münasibət bildirən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bununla əlaqədar qeyd etmişdir: “Bildiyiniz kimi, iyunun 17-də hava yolu ilə daşınmalara başlayacağıq və böyük ehtimalla xarici işlər nazirlərimiz, inşallah, açılış mərasimində iştirak edəcəklər. Türk hava yolları həftədə 3 dəfə İstanbuldan Naxçıvana səfərlər həyata keçirəcəkdir”.
Yeri gəlmişkən qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı ölkələrimiz arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıracaq bir sıra məqamlar üzrə də mühüm razılıqlar əldə olunub. Onlardan xüsusi qeyd olunması vacib sayılanlardan biri yüksək səviyyədə strateji əməkdaşlıq şurasının qurulması istiqamətində verilən qərardır. Belə bir şuranın qurulması üçün lazımi işlər görülür və istisna edilmir ki, Prezident İlham Əliyevin iyunun 7-8-də Türkiyəyə səfəri zamanı sözügedən qurumun yaradılması ilə bağlı müvafiq sənəd imzalanacaq. Şübhəsiz ki, bu, Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığı daha da gücləndirən ən mühüm addımlardan biri olacaq.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri çərçivəsində yaddaqalan və dövlətlərimiz arasında əlaqələrin inkişafına mənəvi bir töhfə sayılacaq məqamlardan biri də, heç şübhəsiz ki, Bakının Nəsimi rayonunda, Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki parkda, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsinin açılışı oldu. Abidənin ucaldıldığı yer bilavasitə Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olub. Məhz Azərbaycan Prezidentinin bu diqqəti nəticəsində sözügedən möhtəşəm abidə paytaxtımızın mərkəzində, Bakının tarixi yerində, Türkiyə səfirliyinin yaxınlığında ucaldılıb.
“Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” – deyən Atatürkün ölkəmizdə möhtəşəm abidəsinin ucaldılmasını Prezident İlham Əliyev yüksək qiymətləndirərək bunun ölkəmizin tarixinə bayram günü kimi yazılacağını da bildirmişdir: “Böyük Atatürkün abidəsinin Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində ucaldılması bugünkü günü tariximizə bayram günü kimi yazacaqdır. Bu, Türkiyə-Azərbaycan dostluğunun bayramıdır, birliyin bayramıdır. Bu, böyük öndərin xatirəsinə Azərbaycan xalqının qəlbindəki duyğuların ifadəsidir”.
Azərbaycan paytaxtında belə bir abidənin ucaldılmasından son dərəcə məmnun olan Baş nazir Rəcəb Tayyib Ərdoğan isə bir daha qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələrinin bənzərsiz mahiyyəti var: “Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari – bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir. Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır”.
Bütün bunlar, ölkələrimiz arasında əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.

Azərbaycan Turizm Və Menecment Üniversiteti
Şamilli Ziya


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki