Aksiya İranda dinc etirazların yatırılmasına, bu ölkədəki etnik azərbaycanlıların milli və mədəni hüquqlarının pozulmasına, habelə son zamanlar Tehran rejimi tərəfindən Azərbaycan Respublikasının suverenliyinə və milli təhlükəsizliyinə qarşı təhdidlərin artmasına etiraz əlaməti olaraq keçirilirdi.
Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya razılıq verməyib.
Bununla belə, partiya dinc nümayiş keçirmək qərarı qəbul edib.
Aksiya çərşənbə axşamı saat 15.00-a təyin edilib. Amma polis qüvvələri əvvəlcədən səfirlik binasına gedən bütün yolları bağlayıb.
Saat 15.00 radələrində polis Mirzə Fətəli Axundov bağının yanında fəalları saxlamağa başlayıb.
“Azadlıq, ədalət, milli hökumət!”, “Rədd olsun molla rejimi” və s. şüarları səsləndirən hamı saxlanılıb.
Onlarla insan, o cümlədən Müsavat Partiyasının sədri Arif Hacılı, partiyanın mətbuat katibi Mustafa Hacıbəyli və digər şəxslər saxlanılıb.