image-photo-2021-10-18-10-41-42backend

Post müharibə dövrü və reallıqlar

image-reklam_sirab_01

Ölkəmiz regionda nadir geosiyasi mövqeyə malik ölkədir. Baxmayaraq ki, Azərbaycan ərazisinə görə böyük dövlət deyil, suverenliyini tam qoruyub saxlaya bilmişdir. Nəticədə, bu gün Azərbaycan geosiyasi proseslərdə və irimiqyaslı iqtisadi layihələrdə, ilk növbədə, milli maraqlarını nəzərə alaraq iştirak edir, yeni sosial-iqtisadi əməkdaşlıq əlaqələrinin də formalaşmasına təkan verir. Bundan başqa, Azərbaycan əsas geosiyasi oyunçularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olan ölkədir və bu məsələdə böyük uğurlar da əldə etmişdir. Azərbaycan öz inkişafında dünya sivilizasiyasının daimi dəyərlərinə – demokratiyaya, insan azadlığına və qanunun aliliyinə istiqamətlənir. Bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı münasibətlər qurmağa və ölkəmizin çoxtərəfli diplomatiyada fəal iştirakını təmin etməyə yönəlmiş xarici siyasət konsepsiyası da bundan irəli gəlir. Bu siyasətin əsas xüsusiyyətləri şəffaflıq, mehriban qonşuluq və tərəfdaşlıqdır. Ancaq bir məsələdə Azərbaycanın istəyi dəyişməz qalır: ölkəmizin milli və geosiyasi maraqlarına hörmət edilməlidir. 30 ildən artıq bir müddətdə işğalçılıq siyasətinin girovuna çevrilmiş Ermənistanın gələcəyi məhz, Azərbaycanın müəyyənləşdirdiyi qırmızı xətləri keçməməsindən asılı olacaq. Prezident İlham Əliyev də düşünür ki, bu gün Ermənistan üçün həqiqətən müstəqil ölkə olmaq arzusunu reallaşdırmaq üçün son şansdır. Lakin 44 günlük İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən nəticə çıxarmaq əvəzinə erməni siyasi dairələrində revanşist bəyanatlar səsləndirilir. “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdəki çıxışında Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın siyasi dairələrindən nə hökumətdən, nə də müxalifətdən heç bir müsbət açıqlama görmürük. “Azərbaycanlıların hisslərini təhqir etmək, bizi şeytan kimi qələmə vermək adi hala çevrilib.Bununla belə, Azərbaycanofobiya, nifrət və genişlənmə ideologiyası onların öz cəmiyyətlərinin dağılmasına gətirib çıxarıb”, – deyən ölkə başçısı əlavə etdi ki, indi düşdükləri bu vəziyyətə görə, onlar yalnız özlərini və liderlərini günahlandırmalıdırlar. Bakıda səfərdə olan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta əmindir ki, Azərbaycanın azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun bərpası bütün bölgənin inkişafına faydalı təsir göstərəcək. 10 noyabr 2020-ci il tarixində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı bəyanatı şərh edən sabiq səfir Azərbaycanın azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun inkişafının bütün bölgəyə fayda gətirəcəyini qeyd edir. Sabiq səfirin sözlərinə görə, azad edilmiş torpaqlarda nəqliyyat əlaqələrinin inkişafı həm də Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrin xeyrinə xidmət edəcək. Ermənistan işğalçılıq siyasəti üzündən 30 ildir nəqliyyat blokadasında çapalayır və mütəxəssislər deyirlər ki, Rusiya və Ermənistanı Azərbaycan üzərindən birləşdirəcək dəmir yolunun inşası rəsmi İrəvan üçün böyük bir addım olacaq. Postmüharibə dövrünün yeni reallıqlarına adekvat reaksiya verməyəcəyi təqdirdə ermənilər regional dalanda çapalamaqda davam edəcəklər.

Fəridə Rəhimova
Azərbaycan Dövlət İqtisad Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki