Qırx dörd günlük müharibə Azərbaycan üçün Vətən müharibəsi, Ermənistan üçün isə işğalçı müharibə olub. Reallıq budur ki, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanda yaranmış xaos, hərc-mərclik və hakimiyyətsizlik şəraitindən istifadə edərək təcavüz aktı törətdi, nəticədə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən 20 faizi işğal edildi, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bu bir tarixdir.
İlham Əliyevin ifadə etdiyi tezislər Azərbaycanda dövlət quruculuğunun milli, regional və qlobal kontekstdə başlıca istiqamətlərini göstərir. Bu nöqteyi-nəzərdən Prezidentin nitqinin regional və beynəlxalq səviyyədə özünü göstərən trendlərlə sıx bağlılığı böyük maraq doğurur. Xüsusilə postmüharibə dövründə Azərbaycanın xarici siyasətinin istiqamətləri ikitərəfli və çoxtərəfli münasibətlərin qurulması formatları aspektində olduqca aktualdır. Başqa faktorlarla yanaşı, həm də ona görə ki, İlham Əliyevin regionda sülhün bərqərar olmasına dair təklif etdiyi “3+3” formatı Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsi üçün ciddi rol oynayacaq. Bunların əsasında Azərbaycan Prezidentinin irəli sürdüyü və region dövlətləri arasında sıx inteqrasiyanın təmin olunmasını nəzərdə tutan çoxtərəfli platformanın regionda davamlı sülhə gətirib çıxaracağını dərk etmək çətin olmayacaq. Həmin məqsədlə bəzi nəzəri-siyasi məqamlara diqqət yetirmək lazımdır.
Prezidentin qurultayda söylədiyi fikirlər çox maraqlıdır. İlham Əliyev nitqində ayrıca vurğulayıb: “Beynəlxalq təşkilatlarda nə qədər fəal iş apardıq. Bəziləri hesab edirdi ki, bu işlər əbəsdir. Yox, elə deyil. Biz İkinci Qarabağ müharibəsi üçün hüquqi bazanı daha da möhkəmləndirməli idik. 2005-ci ilə qədər bizim üçün əsas hüquqi baza ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələri idi”.
Dövlət başçısı bu qətnamələrin əhəmiyyətini vurğulamaqla yanaşı, 2005-ci ildə Avropa Şurası Parlament Assambleyasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi sənədin möhkəm hüquqi baza yaratdığını xüsusi qeyd edir. Bu proses başqa təşkilatların da uyğun sənədlər qəbul etməsinə təkan verdi.
Vurğulanan aspektdə başqa bir vacib istiqamət Azərbaycanın köklü surətdə regionda vəziyyəti dəyişməsi ilə əlaqəlidir. Bu tezis olduqca əhəmiyyətlidir. Çünki bu məqam Azərbaycanın regional geosiyasi statusunu müəyyənləşdirməkdə əsaslı rol oynayıb.Prezident həmin məqamı belə xarakterizə edir: “Mən xarici siyasətlə bağlı çıxışlarımda demişdim ki, prioritetlər arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir”.
Doğrudan da Prezident İlham Əliyev 17 il müddətində mükəmməl regional siyasi kurs sayəsində Ermənistan istisna olmaqla, bütün qonşularla geniş əməkdaşlığa nail ola bildi. Rusiya, İran, Türkiyə və Gürcüstan indi Azərbaycanın ən yaxın tərəfdaşlarındandır. Məhz bu cür böyük diplomatik uğur nəticəsində Azərbaycan regional təhlükəsizliyin açar dövlətinə çevrilib. Şübhəsiz, bu prosesdə Prezident İlham Əliyevin ikitərəfli, üçtərəfli və dördtərəfli regional əməkdaşlıq formatları ciddi rol oynayıb.
Bunlarla yanaşı, Azərbaycan Avropa İttifaqı, ABŞ, Çin kimi böyük geosiyasi güclərlə qarşılıqlı fayda verən əlaqələr qura bilib. Beləliklə, Azərbaycan postmüharibə mərhələsinə böyük uğurlar qazanmağa imkan verən mükəmməl xarici siyasət kursuna malik Cənubi Qafqaz lideri kimi qədəm qoyub.
Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi
Əliyeva Zenfira Taleh qızı