image-16656545133475512548_1000x669backend

Qarabağın hava qapısı Füzuli

image-reklam_sirab_01

İki il öncə bu günlərdə bütün Azərbaycan özünün tarixi birlik və zəfər çağını yaşayırdı. Vətənin azadlığı üçün ayağa qalxmış xalqın yalnız bir məqsədi və bir amalı vardı. 30 il ərzində düşmən tapdağı altında inildəyən doğma torpaqlarımızı işğaldan azad etmək və Vətənin müdafiəsi üçün canından keçmiş şəhidlərimizin və erməni quldurları tərəfindən qətlə yetirilmiş günahsız soydaşlarımızın qisasını almaq. Odlar yurdu od saçırdı. Düşmən Azərbaycan xalqının qəzəb alovunda yanıb külə dönürdü.

Bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev açıqlamasında söyləyib.

O qeyd edib ki, 2020-ci ilin bu günlərində ən qızğın döyüşlər Füzuli rayonunun azad olunması uğrunda gedirdi. 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuş Füzuli rayonu özündə əsrlərin tarixini yaşadan qədim türk məskənlərindən biridir. Rayon ərazisində yerləşən tarixi-mədəni abidələrimiz əcdadlarımızın əsrlər boyu bu torpaqlarda yaşayıb yaratdıqlarını nümayiş etdirirdi. Tarixi özlərinin mifoloji uydurmaları ilə saxtalaşdırmağa cəhd göstərən erməni faşistləri 1993-cü il avqustun 19-da Füzuli rayonunu işğal etməklə ərazini etnik təmizləməyə məruz qoymuşdular. Digər rayonlarımızın işğalı zamanı olduğu kimi Füzuli rayonun işğalı da düşmən tərəfindən törədilən qan donduran müharibə cinayətləri ilə müşayiət olunmuşdu. Sayı 150 minə yaxın olan mülki əhali ağır hərbi texnika ilə silahlanmış düşmənin qəfil hücumuna məruz qalmış və minlərlə günahsız soydaşımız işğalçı ordu tərəfindən amansızlıqla qətlə yetirilmişdi. Bütün bunlara baxmayaraq 27 il ərzində ölkənin müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayan soydaşlarımız bir an da olsa doğma Füzuliyə qayıtmaq ümidini itirməmişdilər.

“Hələ 1994-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıtmasından az sonra rayonun 22 yaşayış məntəqəsi Azərbaycan Ordusu tərəfindən azad edilmiş və öz doğma torpaqlarından didərgin düşmüş Füzuli sakinlərinin yarıdan çoxu rayonun azad olunmuş kəndlərinə və qəsəbələrinə qayıdaraq müqəddəs savaş gününü gözləyirdilər. 2020-ci il sentyabrın 27-də o gün gəldi və Azərbaycan Ordusu xalqın çoxdan gözlədiyi qələbə üçün düşmən üzərinə zəfər yürüşünə başladı. Xalqımızı yeni torpaqlar itkisi ilə hədələyən və hətta vaxtaşırı təmas xəttini keçməyə cürət edən mənfur düşmən sentyabrın 27-də Azərbaycan xalqının “dəmir yumruğ”u ilə üz-üzə gəldi. Düşmən ordusu tərəfindən on illər ərzində texniki-mühəndis istehkamları ilə möhkəmləndirilmiş və hərbi mütəxəssislər tərəfindən alınmaz qala hesab olunan Füzulinin cəbhə xətti ordumuzun şücaəti qarşısında tab gətirə bilməyib parçalandı. Aldığı ilk zərbədən müvazinətini itirən erməni qoşunları Azərbaycan Ordusunun davamlı həmlələrindən sonra silahlarını atıb qaçmağa məcbur oldular. 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri ilə birlikdə daha 62 yaşayış məntəqəsi 27 illik işğaldan azad olundu. Vətən müharibəsinin ən önəmli qələbələrindən biri kimi Füzulinin azad olunması az sonra qazanılacaq tarixi qələbələr üçün möhkəm zəmin yaratdı. Azərbaycan Ordusunun bu zəfəri mühüm hərbi strateji əhəmiyyət daşıyan Füzuli ərazisindən daha geniş areala yayılaraq tezliklə düşmən sərhədlərinə çatdı. Füzuli uğrunda döyüşlər Azərbaycan xalqının döyüş ruhunu və Azərbaycan Ordusunun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Füzulidən başlayan müzəffər yürüş xalqımızın qəhrəman oğullarını mədəniyyət beşiyimiz Şuşaya apardı. Vətən müharibəsinin son akkordu sayılan Şuşanın fəthi isə Ordumuzun Füzuli qələbəsindən başlayan Zəfər yolunun son dayanacağı oldu”, – deyə Cavanşir Feyziyev bildirib.

“Füzulinin işğaldan azad olunması xalqımızın və ordumuzun tarixinə yeni zəfər səhifəsi kimi daxil oldu. Cəmi bir ay sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev üçrəngli bayrağımızı Füzuli şəhərinin mərkəzində qaldırdı. Füzuli özünün sülh, əmin-amanlıq və abadlıq dönəminə qədəm qoydu. 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev tərəfindən Füzuli şəhəri ilə Şuşa şəhərini birləşdirən Zəfər Yolunun təməli qoyuldu. Bir ay sonra isə artıq Füzuli şəhərinin baş planı təsdiq olundu. İyirmi yeddi il ərzində mənfur düşmən tərəfindən həyatın bütün nişanələri silinmiş və viran edilmiş Füzuli şəhərinə qısa bir zamanda yeni həyatın gətirilməsi üçün zəruri olan infrastruktur obyektlərinin tikintisinə başlandı. Füzuli–Şuşa, Füzuli-Ağdam, Füzuli–Hadrut istiqamətlərində avtomobil yollarının tikintisi bütövlükdə Qarabağ bölgəsinin abadlaşdırılması və yenidən qurulması kimi nəhəng layihənin ilk mərhələsi oldu. Qarabağın hava qapısı adlandırılan Füzuli hava limanının tikintisi cəmi səkkiz ay ərzində başa çatdırıldı və istifadəyə verildi. Bu gün Füzuli ucsuz-bucaqsız tikinti meydanını xatırladır. Rayonda çoxmərtəbəli müasir yaşayış binaları, məktəb, xəstəxana və digər zəruri sosial infrastruktur obyektlərinin tikintisi sürətlə aparılır. Füzuli şəhəri ilə birlikdə “Ağıllı kənd” konsepsiyası əsasında tikintisi aparılan bir sıra yaşayış məntəqələri də tezliklə Vətən həsrəti ilə yaşayan soydaşlarımızın istifadəsinə veriləcək. Bütün bunlar həyatımızda baş verən tarixi hadisələrdir. İllər keçəcək, nəsillər dəyişəcək, lakin Füzuli itkisi ilə yaşanan kədər hissləri ilə bərabər Füzulinin azad olunması və həyata qaytarılması ilə yaşanan sevinc və qürur hissləri də heç vaxt unudulmayacaq. Tarix unutqanlığı bağışlamır. Otuz ilə yaxın davam etmiş erməni işğalı bunu bir daha sübut etdi”, – deyə Milli Məclisin deputatı vurğulayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki