Qəbul etsək də, etməsək də, mövcud olan siyasi mənzərə onu göstərir ki, dünyanı hələ də maraqlar idarə edir. Əsrlər arasında fərq yalnız ondan ibarətdir ki, indi böyük dövlətlər maraqlarını nəinki gizlətmirlər, heç olmasa ictimai görüntü naminə onları pərdələməyə və necəsə əsaslandırmağa ehtiyac belə duymurlar. Nəticədə ikili standartlar və ayrı-seçkilik siyasətinə rəvac verilir, beynəlxalq hüquq arxa plana keçir, ölkələrə münasibətdə selektiv yanaşma həlledici amilə çevrilir. Prezident İlham Əliyevin andiçmə mərasimində cəmiyyətimizə verdiyi mühüm mesajlardan biri də elə bununla bağlı idi: “Bu gün dünyada gedən prosesləri hər kəs görür. Dünya faktiki olaraq Üçüncü Dünya müharibəsinə çox yaxındır. Bəziləri hesab edir ki, artıq bu Üçüncü Dünya müharibəsi başlamışdır, müxtəlif fərziyyələr ola bilər”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.
Deputat qeyd edib ki, belə bir mürəkkəb şəraitdə istənilən ölkənin, xüsusilə coğrafi baxımdan elə də böyük olmayan dövlətlərin əsas vəzifəsi müstəqilliyin və suverenliyin, ictimai təhlükəsizliyin qorunması ilə bağlıdır. Bu atributların gerçək mənada təmin olunması isə hərbi güc amili ilə yanaşı, iqtisadi dayanıqlığı təmin edən faktorlardan daha çox asılı olur. Tarixi Zəfərimizdən sonra Azərbaycanı qərəzli qətnamələri ilə hədəf seçən dairələrin əsas məqsədi ölkəmizdə ictimai etimad mühitini zədələmək, bunun üçün iqtisadi dayanıqlığı təmin edən imkanları mümkün qədər məhdudlaşdırmaq və onları nəzarət altına almaqla bağlıdır. Üzləşdiyimiz təzyiqlərin və rüsvayçı siyasi şantaj ritorikasının məqsədlərindən biri də elə budur. Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq, ölkəmizə edilən haqsız hücumların təsirini minimuma endirmək üçün yeni dövrün yol xəritəsinə strateji baxışını andiçmə mərasimində bu cür ifadə etdi: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri həm də bu səbəbdən olduqca əhəmiyyətlidir və təsadüfi deyil ki, dost və qardaş ölkələrlə yanaşı, bədxahlarımızın da xüsusi diqqət mərkəzindədir. Bu səfər çərçivəsində Azərbaycan və Qazaxıstan dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nın adından da göründüyü kimi, ölkələrimizin Liderləri dövlətlərarası münasibətlərin strateji səviyyəsinin daha da dərinləşdirilməsi yolunda siyasi iradə nümayiş etdirirlər. İstər rəsmi mərasimdə, istərsə də işçi qaydada imzalanmış Azərbaycan-Qazaxıstan sənədləri göstərir ki, Liderlərin strateji seçimi tam mənada üst-üstə düşür, xalqlarımızın və dövlətlərimizin ortaq maraqlarına xidmət edir. Verilən bəyanatlar onu da göstərdi ki, mürəkkəb geosiyasi qarşıdurma şəraitində dövlət başçıları Türk dünyası çərçivəsində iqtisadi əlaqələrimizin dərinləşməsinə xüsusi önəm verirlər. Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikir bu mənada olduqca əhəmiyyətlidir: “Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik . Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir”.
Vurğulanıb ki, Qazaxıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişinə həsr olunmuş mərasim, əslində, TransXəzər nəqliyyat dəhlizinin bütövlükdə Orta Dəhliz Avrasiya məkanı üçün indi daha çox cəlbedici olduğunu nümayiş etdirdi. Fərqli coğrafiyalarda mövcud olan dəhlizlərdən bir qisminin təhdid edildiyi bir şəraitdə 7 min kilometr uzunluğunda marşrutun çəmi 11 günə qət edilməsi, heç şübhəsiz ki, həm Asiya, həm də Avropa məkanı üçün iqtisadi cəhətdən olduqca əlverişli və cəlbedicidir. Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi vasitəsilə bu marşrut üzrə ayda 10 konteyner qatarının ölkəmizə çatdırılması nəzərdə tutulur. Beləliklə, Azərbaycan tranzit potensialını reallığa çevirmək imkanını əldə edir, Şərq-Qərb dəhlizində strateji tərəfdaş statusunu daha da möhkəmləndirir.
Diqqətə çatdırılıb ki, Azərbaycan və Qazaxıstan Prezidentləri mətbuata bəyanatlarında Ermənistan mövzusunu da unutmadılar. Prezident Kasım-Jomart Tokayevin cəmiyyətimiz üçün olduqca həssas olan bu mövzu ilə bağlı səmimi açıqlamasını dinlədikdən sonra qeyri-ixtiyari düşünürsən ki, kaş Ermənistana görə ölkəmizi hədəf seçənlərin yanaşmasında aşırı erməni sevdası ilə yanaşı, bir az da ədalət hissi olaydı. Prezident Tokayev Azərbaycan Prezidentinə xitabən ölkəsinin və qazax xalqının münasibətini bu cür ifadə etdi: “Azərbaycan Sizin rəhbərliyinizlə böyük tarixi Qələbə əldə edib. Bu, dövlət suverenliyinin bərpa olunmasıdır. Qazaxıstan xalqı bununla bağlı böyük sevinc hissi keçirib”. Prezident İlham Əliyev sülh gündəliyi ilə bağlı həm Ermənistana, həm də onun xüsusi canfəşanlıq edən havadarlarına bu mesajı verdi: “Mən həmkarıma danışıqlar prosesinin hazırkı mərhələsi, sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verdim. Azərbaycan bu məsələdə maraqlıdır və əslində, məhz Azərbaycan sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub”.
Deputat bildirib ki, əsassız bəyanatları və qərəzli qətnamələri ilə sülh gündəliyini bu gün də təhdid edən Ermənistanın himayədarlarından fərqli olaraq, Azərbaycan Cənubi Qafqazda dinc birgəyaşayışın bərqərar olunmasında, kommunikasiyaların açılmasında və iqtisadi əlaqələrin qurulmasında, həqiqətən, maraqlıdır. Qarabağda və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa-quruculuq işləri bunun əyani sübutudur. Özü və qonşuları üçün dinc həyat, sülh və əmin-amanlıq istəməyən heç bir ölkə bərpa-quruculuq işlərinə milyardlarla vəsait xərcləməzdi. Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Füzuli şəhərində inşa olunmuş və martın 12-də dövlət başçılarının iştirakı ilə istifadəyə verilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi həm də tarixi ədalətin bərpasına hörmət rəmzidir. Çox inanmaq istərdim ki, bu cür addımların, qardaşlıq və dostluq töhfələrinin əhəmiyyəti Ermənistanda ədalətə və sülhə çağırışın ekvivalenti kimi anlaşılacaq.