image-yazi-1604838601backend

Qəhrəmanların qanı ilə suvarılan Xarıbülbülün vətəni- Şuşa

image-reklam_sirab_01

“Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər”. Bu fikirləri cənab Prezident İlham Əliyev hələ yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən səsləndirmişdi. Mayın 7-si isə sənət ocağımız Şuşanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Cənab Prezidentin gözlənilən sərəncamı verildi. Beləliklə, 8 noyabr şanlı zəfərindən sonra 7 rəqəmi də Azərbaycan xalqının xoşbəxtlik simvoluna çevrildi. Doğrudur, xalq olaraq bu rəqəmə xüsusi simpatiyamız əzəldən var- Koroğlunun 7777 dəlisi timsalında. Lakin bu dəfə dastanlardan deyil, həyatın tam özündən gəldi rəqəmin möhtəşəmliyi. Ali Baş Komandan İlham Əliyev də sərəncamın imzalanması üçün 7 may tarixinin seçilməsi ilə xalqımıza və bütün dünyaya vacib mesajlar verdi. Belə ki, 7 sirli, müqəddəs, İlahi, xoşbəxtlik rəqəmidir. Dünyanın əksər xalqları bu rəqəmin möcüzəsinə inanmış və gündəlik həyatlarında belə rəqəmin önəmini vurğulamışlar. Dini təsəvvürlərə görə 7 rəqəmi zaman və məkanı idarə edir, bir çox xalqlarda isə bu rəqəm əbədi həyat, yaradıcılıq rəmzidir. Qədim Yunanıstanda 7 Zevsin oğlu-İncəsənət hamisi Apollonun rəmzi sayılır. İslami inanclara görə isə cənnətin yeddi qapısı olduğu bildirilir və s. Siyahını mümkün olduqca uzatmaq, yenilərini əlavə etmək olar. Lakin bu rəqəmin incəsənət, yaradıcılıq, əbədi həyat məzmunlu mənaları ilə Şuşa arasında əlaqə yaratmaq elə də çətin deyil. Çətin olmayan digər məqam isə məhz may ayının 7-si, 1992-ci il mayın 8-də Şuşanın işğal tarixindən əvvəlki bir günün seçilməsidir. 1992-ci ildən bəri hər il bu tarixi dünyanın harasında olmasından asılı olmayaraq “bayram” kimi qeyd edərək işğalçı siyasətlərinə don geyindirməyə çalışan, eyni zamanda bu çirkin əməllərinə başqa dövlətləri də ortaq edən ermənilər işğal tarixinin 29-cu ildönümünü nəinki Şuşasız qeyd etdilər, həmçinin Şuşanın öz vətəni Azərbaycanın mədəniyyət paytaxtı olması xəbəri ilə də sarsıldılar. Ermənilərin dünya üçün yaratdıqları “Şuşi” şəhəri də tarixin qaranlığına məhkum olundu. Erməni barbarları 1992-ci ildə Şuşanı işğal edib şəhərdə xaqlımızın tarixi-mənəvi irsini məhv etməyə, vandallıq törətməyə çalışdılar. Xaraba qoyduqlar şəhərin qalıqları əsasında isə özlərinin qondarma Şuşi şəhərlərini yaratmaq eşqinə düşdülər. Tarix susanda abidələr danışar deyirlər. Bu səbəbdən şəhərə hər səfər edənə, ermənilərin özlərinə “Bura Şuşa şəhəridir, Azərbaycanın dilbər guşəsi, mədəniyyət beşiyidir!” deyə hayqıran 170-dən çox memarlıq abidəsi sayılan yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təssərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki 28 il ərzində erməni vandalizminin işgəncələrinə məruz qalmış, dağıdılmışdır. Düşmənçilik ideologiyası təkcə türklərə qarşı olmaqla kifayətlənməyən ermənilər Uca Yaradana da meydan oxuyaraq məbədgah və məscidlərimizi təhqir etmiş, nə dini , nə dünyəvi elmlərə ehtiramla yanaşmayaraq çox sayda nadir əlyazma nümunələrini məhv etmiş, 20 kitabxana yandırmışlar. Azərbaycan İslam memarlığının, Qarabağ şəhərsalma ənənələrinin, Şuşanın türk-Cavanşir nəslinin yadigarlarından olan Yuxarı Gövhərağa məscidinin fars memarlıq abidəsi adı altında “restarvaziyası” isə həm ermənilərin, həm də onlara bu çirkin əməldə dəstək olan ölkənin barbar olduqları qədər yalançı, ikiüzlü və tarix saxtakarları olduqlarının sübutudur. “Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Bizə belə təmir lazım deyil və heç kimi aldatmasın, heç kim bu yalana uymasın. Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik.”- deyə Cənab Prezident də çıxışında bu məsələni vurğulamışdı. Bundan sonra mədəniyyət mərkəmiz Şuşanın məscidlərindən erməni donuzlarının səsi deyil, Azan səsi səmalara yüksələcək. Azanlı səmalar altında Cıdır düzündə Heydər Əliyev Fondu tərəfindən “Xarıbülbül” musiqi festivalının keçiriləcəyi xəbəri isə müjdəli soraqların sayını artırmış oldu. Qeyd edim ki, eyni adlı festival ilk dəfə Şuşada, Cıdır düzündə 1989-cu ildə qeyd edilmişdi. 32 ildən sonra azad Azərbaycanın Şuşasında yenidən Xarıbülbülün toy sədası ölkəmizi bürüyəcək. Festival çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq. Festivalda iştirak edəcək xarici qonaqlar ola bilsin ki, bəzi detaylardan bixəbər qalsınlar , amma bizlər festival ərəfəsində səslənən musiqilər fonunda ruhumuzun dərinliklərindən Xan Əminin, Bülbülün zənguləsini, Vaqifin sətirlərini, Üzeyirin notlarını eşidəcək, Cıdır düzünə tamaşa edən xan qızı Natəvanı görəcəyik.
44 günlük Vətən müharibəsi mümkünsüz görünən hər şeyin Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz sayəsində mümkün olduğunu sübut etdi. Dünyanın gözündə yeni Azərbaycan imici yaratdı. Eyni zamanda Azərbaycan xalqı üçün də dəyişən bir sıra məqamlar oldu- ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası olan Şuşa Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun güc, iradə, əzmkarlıq və Vətən simvoluna çevrildi. Bir zamanlar ermənilərin sərxoşluq edib yallı getdikləri Cıdır düzü şanlı müharibə tariximizdə İgidlərimizin cəng meydanında “qara donlu kafirləri” məğlubiyyətə uğratdığı məkana döndü. Hər qarışı oğullarımızın qanı ilə cana gələn Şuşa bu gün millətimizin eyni zamanda qəhrəmanlıq beşiyidir. Torpağına qurban verdiyimiz hər bir əsgərimiz uğruna min əsgərimizin yetişəcəyi Vətən torpağıdır. Bu gün bizlərin öhdəsinə düşən əsas vəzifə qəhrəman oğullarımızın bizə qaytardığı Şuşanı göz bəbəyi kimi qoruyub gələcək nəsillərə ötürməkdir. Bu belə də olacaq! Çünki artıq Şuşamızda üçrəngli bayrağımızın kölgəsində su ilə deyil, qəhrəmanlarımızın qanı ilə suvarılmış daha güclü Xarıbülbüllər boy atır! Ali Baş Komandanımızın söylədiyi kimi “Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır!”
Günəş Əliyeva

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki