Azərbaycan Milli Mətbuat günü ərəfəsində Qusarda jurnalistlər arasında minifutbol turniri start götürüb.
Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, “Avrora Qrup”un baş sponsorluğu ilə Qusar Olimpiya İdman Kompleksində təşkil olunan yarışın açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, tanınmış ictimai xadimlər iştirak ediblər.
İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov turnirin formatı barədə məlumat verərək bildirib ki, iştirak edəcək komandalar Azərbaycanda tarixən nəşr olunmuş “Əkinçi”, “Ziya”, “Tərəqqi” və “Həyat” kimi adlandırılıb.
Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların və dünyasını dəyişmiş media nümayəndələrinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Digər təşkilatçı Yurd.Media-nın baş redaktoru Murad Əliyev çıxışında qeyd edib ki, turnirdə çap və onlayn media, həmçinin televiziya kanallarının həm paytaxtda, həm bölgələrdə fəaliyyət göstərən nümayəndələri öz qüvvəsini sınayacaq. O vurğulayıb ki, belə yarışlar mətbuat işçiləri arasında həmrəyliyin daha da möhkəmlənməsinə töhfəsini verir.
Quba Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə sektor müdiri Emil Əmirmətov çıxışında jurnalistlər arasında təşkil olunan belə turnirlərin əhəmiyyətini qeyd edərək bütün iştirakçılara uğurlar arzu edib.
Sonra tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və baş sponsor “Avrora Qrup”un hədiyyələri təqdim olunub.
Ardından yarışa start verilib.
Turnirin ilk oyununda ictimai-siyasi xəbər saytlarının işçilərindən formalaşan “Əkinçi” komandası informasiya agentliklərinin jurnalistlərindən ibarət “Ziya” komandasını 5:3 hesabı ilə məğlub edib.
Sonra televiziya nümayəndələrinin olduğu “Həyat” komandası idman jurnalistlərindən ibarət “Tərəqqi” komandası ilə qarşılaşıb. Bu oyunda isə idman jurnalistləri 3:2 hesablı qələbə qazanıblar.
Beləliklə, iyulun 19-da keçiriləcək final oyununda “Əkinçi” “Tərəqqi” ilə, 3-cü yer uğrunda oyunda isə “Ziya” ilə “Həyat” komandaları üz-üzə gələcək.
Qalibə kubok təqdim olunacaq, ilk 3 yerin sahibləri medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediləcəklər.










































