image-367115_res_00backend

Regionda yeni reallıqla yaradan, birlikdən doğan zəfər!

image-reklam_sirab_01

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Azərbaycan və Türkiyə arasındakı əlaqələr yalnız iki dövlətin yox, regionun inkişafına öz töhfəsini verir. Xüsusən türk dövlətlərinin birgə fəaliyyətinin təmin edilməsi, türk vəhdətinin yaradılması Azərbaycan və Türkiyə əlaqələrinin inkişafından keçir. Bununla bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışlarından birində söyləmişdir: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.

Azərbaycan və Türkiyə arasındakı əlaqələr bütün sahələri əhatə edir. Hərbi, iqtisadi, siyasi, mədəniyyət və təhsil sahəsi üzrə bağlar günü-gündən möhkəmlənir. Yeri gəlmişkən qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı ölkələrimiz arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıracaq bir sıra məqamlar üzrə də razılıq əldə olunub. Həmçinin Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Milli Məclisdə olub. Çıxışı zamanı Qarabağ zəfəri və birlikdən doğan qələbənin bütün region üçün əhəmiyyətindən bəhs edən R. T. Ərdoğan Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqını və bu zəfəri xalqımıza qazandıran Ali Baş Komandan İlham Əliyevi bir daha təbrik etdi.

Qardaş ölkənin prezidenti bir daha qeyd etdi ki, bundan sonra da Türkiyə Azərbaycanın yanında yer alacaq, bütün məsələlərdə öz dəstəyini göstərəcəkdir: “Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq. Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq. Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir”.

Rəcəb Taib Ərdoğan üzünü dünyaya tutdu və artıq 3 məzmunu oynamağın vaxtının bitdiyini vurğuladı. O bütün beynəlxalq qüvvələri  Qarabağa dəvət etdi və reallıqları, erməni vəhşiliyini öz gözləri ilə görməyə çağırdı. Erməniləri “gələrkən işğalçı, gedərkən tarmaredici” adlandıraraq, bütün bu vəhşilikləri törədənlərin bu torpaqlarda yad olduğunu öz əməlləri ilə sübut etdiyini qeyd etdi və əslində bu faktların Qarabağın əsl sahibinin kim olduğunu isbat etdiyini bildirdi: “Azərbaycanlılar otuz il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar, heç bir evi yandırmadılar. Çünki insan öz Vətənini dağıda bilməz, öz Vətənini yandıra bilməz. Amma Qarabağ onların Vətəni olmadığı üçün hər şeyi yandıraraq, dağıdaraq getdilər. Onların yandırdıqları kəndləri, dağıtdıqları şəhərləri Azərbaycan indi yenidən inşa edir və İnşallah, buraları birlikdə inşa edəcəyik və yeni bir Qarabağ meydana gətirəcəyik”.

Bərpa işlərində də Türkiyə Azərbaycanın yanında yer alacaqdır. Çünki türklərin yaşadığı istənilən məkan bütün türklər üçün Vətəndir. Ərdoğan da bunu bir daha təsdiqləyərək Qarabağın dirçəldilməsi üçün birgə addımların atılmasının vacibliyini vurğuladı: “Qardaşlarım, mədəniyyət ilə vandallıq arasındakı fərqi görmək istəyən gəlsin Qarabağda iki dönəm arasındakı fərqə baxsın. Qarabağ coğrafi baxımdan dünyanın ən gözəl bölgələrindən biri olmaqla yanaşı, mədəniyyət baxımından da ən zəngin yerlərindən biri idi. İnşallah, yenə elə olacaq. Türkiyə olaraq, İnşallah, bu prosesdə də qardaş Azərbaycanın yanında yer almaqda davam edəcəyik”.

Bəziləri üçün bu sadecə quru sözlər kimi görünə bilər, çünki Azərbaycan və Türkiyə əlaqələri, dostluq, qardaşlıq münasibətləri bəzilərini sevindirdiyi kimi, bir çoxlarını da narahat edir. Bu narahatçılıq səbəbsiz deyildir. Bütün dünyanın xaos, müharibə və böhranla çalxalandığı bir dönəmdə iki qonşu, iki güclü və eyni qanı daşıyan, ən əsası milliyəti və kimliyi eyni olan ölkənin birliyi bəziləri üçün təhdid kimi görünür. Lakin bu birlik yalnız sülhə, əmin amanlığa xidmət edir. Və sülhü pozmağa çalışanları əlbəttə narahat etməlidir. Yalnız unutmamaq lazımdır ki, birlikdən doğan zəfər artıq yeni reallıqlar yaradıb, regionda yeni şərtlər, yeni dövr hökm sürür. Birlikdən doğan zəfər Azərbaycan və Türkiyə əlaqələrinin yeni mərhələsini başlamaqla yanaşı, regionda da yeni reallıqlar yaratmışdır. Sülhü pozmağa çalışan hər bir kəs dəmir yumruğa dönmüş Azərbaycan Türkiyə yumruğunu dadacaq. Azərbaycan və Türkiyə daim birgə addımlayacaq, yeni uğurlara imza atacaq və günü-gündən inkişaf edəcək. Möhtərəm Prezidentimiz İlham Əliyevin də söylədiyi kimi: “Türkiyə və Azərbaycan əlaqələri sarsılmazdır, bütövdür!”

Azərbaycan Dillər Universiteti

Şəmilova Dünya Mərdan

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki