image-1backend

Rəşad Məmmədovu vergi orqanlarına məlumat verdiyi üçün öldürüblərmiş

image-reklam_sirab_01

İsmayıllıda 1978-ci il təvəllüdlü Rəşad Məmmədovun meyitini yandıraraq basdıran Elvin Əliyev və Ümidvar İbişovun məhkəməsində maraqlı faktlar üzə çıxıb.

Hadisənin əsas iştirakçısı olan Elvin Əliyevin müxtəlif şəxslərlə əlbir olaraq şirkətlər yaratması və külli miqdarda vəsait nağdlaşdırması məlum olub.

Belə ki, Rəşad Məmmədov da Elvin Əliyevin vasitəçiliyi il bu işə cəlb edilibmiş və onun adına kağız üzərində bir neçə şirkət açılıbmış. Bunun müqabilində Rəşada aylıq 100 manat və ümumi gəlirin 0,02 faizi ödənilirmiş. Lakin bir müddət əvvəl vergi orqanları məsələ ilə bağlı Rəşad Məmmədovu sorğu-suala çəkib. O, ifadəsində Elvin Əliyev və digər şəxslərin qurduğu şəbəkədən danışıb. Rəşadın onlar barəsində dövlət qurumlarına məlumat verdiyini görən Elvin isə onu qətlə yetirmək qərarına gəlib.
Elvin Əliyev istintaqa ifadəsində bildirib ki, Rəşadı ilkin olaraq narkotiklə zəhərləyərək öldürmək istəyib. Bu alınmadıqda isə tanışı Ümidvar İbişovla birgə onu Yasamal rayonu ərazisində avtomobildə kəmərlə boğub öldürüblər. Daha sonra isə onlar Rəşadın meyitini avtomobillə İsmayıllının Tabu kəndi yaxınlığına apararaq yandırıblar və basdırıblar.
Elvin Əliyev bildirib ki, əvvəllər dəfələrlə həmin ərazidə ovda olub və ərazini tanıdığı üçün meyitin qalıqlarını izi itirmək məqsədilə orada basdırıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmü ilə Ümidvar İbişov 17 il 6 ay, Elvin Əliyev isə 17 il 9 ay 15 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, prokuror Orxan Kəngərli məhkəmədən hər iki təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, 28 mart 2020-ci il tarixdə İsmayıllı rayonu ərazisində naməlum insan skeletinin aşkar edilməsi faktına görə İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, meyitin şəxsiyyətinin və cinayəti törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Lakin sonradan cinayət işi Baş Prokurorluqda öyrənilib və iş üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə istintaqın davam etdirilməsi Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.

Aparılan istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri nəticəsində aşkar edilən naməlum insan skeletinin 1978-ci il təvəllüdlü Rəşad Məmmədova məxsus olması müəyyən olunub.

Həmçinin, müəyyən edilib ki, 2020-ci ilin mart ayında Ümidvar İbişov və Elvin Əliyev şəxsi münasibətlər zəminində tanışları Rəşad Məmmədovu öldürmək barədə qabaqcadan razılığa gələrək sonuncunu narkotik asılılıqdan müalicə almaq üçün tibb müəssisəsinə yerləşdirmək adı ilə Elvin Əliyevin istifadəsində olan “Hyundai” markalı avtomobilə əyləşdirib Bakı şəhəri, Qaradağ rayonu ərazisindən Yasamal rayonu istiqamətində hərəkətdə olarkən kəmərlə boğaraq qəsdən öldürdükdən sonra cinayətin izini gizlətmək üçün Tubu kəndinə apararaq orada yandırıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki