Respublika Sanitariya-Karantin Mərkəzində vəzifəsindən sui-istifadə edərək külli miqdarda rüvşət almaqda təqsirləndirilən Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyevin növbəti məhkəmə prosesi keçirilib.
Vətəninfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək bildirib ki, təqsirləndirilənlər müxtəlif şəxslərdən külli miqdarda rüşvət alaraq ölkəyə gətirilən müxtəlif çeşiddə mallara hər hansı nümunə götürülmədən, labarotoriya müşahidəsi aparılmadan gigiyenik sertifikatların verilməsini tezləşdirilməsinə köməklik göstəriblər.
Təqsirləndirilən Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev özlərini təqsirli bilmədiklərini deyiblər.
Tahir Vəliyevin vəkili Eldəniz Quliyev sənədlərin tədqiqi üçün məhkəmədən vaxt istəyib.
Proses oktyabrın 8-də davam etdiriləcək.
Qeyd edək ki, bu ilin may ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.
Fakt üzrə Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.
İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.