Rusiya “iqtisadi-ticari pəncərə”ni qapadarsa, yaxud enerji resurslarının qiymətini qaldırarsa, bu, Ermənistan iqtisadiyyatı üçün dağıdıcı nəticələr doğura bilər… Bu baxımdan, Kreml rəsmi İrəvana Rusiyadan çox uzaqlaşmaq cəhdlərinin Ermənistana “böyük fəlakətlər” vəd etdiyi barədə son xəbərdarlıq mesajını vermiş oldu…
Cənubi Qafqazda yeni reallıqlar bu regionun geopolitik xəritəsinin ciddi şəkildə dəyişməsinə səbəb olmaqdadır. Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfəri də məhz yeni regional reallıqların təsiri altında keçib. Erməni baş nazirin Rusiya prezidenti Vladimir Putin ilə apardığı müzakirələrin ümumi məzmunu isə həm də məhz Ermənistanın yaxın gələcəkdə yönələ biləcəyi geopolitik trayektoriyanın müəyyən olunması baxımından, maraq doğurur. Çünki bu görüşdə yalnız iki ölkə arasındakı münasibətlər deyil, həm də Ermənistanın indiki xarici siyasət kursu, təhlükəsizlik strategiyası və iqtisadi prioritetlərinin əsas istiqaməti ilə bağlı önəmli mövzular gündəmə gətirilib.
Onu da qeyd etmək lazımdır ki, müzakirələrin mərkəzində duran əsas məsələlərdən biri də elə Ermənistanın hansı geopolitik istiqamətə yönələcəyi ilə bağlıydı. Prezident Vladimir Putin açıq şəkildə bildirdi ki, Ermənistanın Avropa Birliyi ilə yaxınlaşması və Avrasiya İqtisadi İttifaqı çərçivəsində qalmasi eyni vaxtda mümkün deyil. Ona görə də, Kreml sahibinin bu mövqeyi faktiki olaraq, rəsmi İrəvana ünvanlanmış strateji xəbərdarlıq hesab olunur. Və Ermənistan uzun müddət balanslaşdırılmış xarici siyasət yürütməyə çalışsa da, mövcud geopolitik reallıqlar bu variantın davamlılığını artıq ciddi şübhə altına salır.
Maraqlıdır ki, prezident Vladimir Putinin bu mövqeyi daha sərt formada Rusiya baş nazirinin müavini Aleksey Overçuk tərəfindən də təkrar edilib. Onun “geri dönüşü olmayan nöqtə” ilə bağlı açıqlamasından belə anlaşılır ki, Kreml Ermənistanın Qərbə inteqrasiya kursunu yalnız siyasi deyil, həm də iqtisadi və strateji təhlükə kimi qəbul edir. Və bu isə yaxın gələcəkdə iki ölkə arasında iqtisadi münasibətlərin yenidən nəzərdən keçirilə biləcəyinin olduqca ciddi əlaməti hesab olunur.
Eyni zamanda, baş nazir Nikol Paşinyanın Ermənistanın üzv olduğu hərbi alyansın – KTMT-nın Qarabağla bağlı məsələyə seyrçi qalmasına yönəlik iradları da iki ölkə arasında kifayət qədər ciddi siyasi-ideoloji ziddiyyətlərin olduğunu göstərir. Çünki prezident Vladimir Putin Ermənistanın 2022-ci ildə Praqa görüşündə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını və bu qərardan sonra KTMT-nın və Rusiyanın hər hansı formada müdaxiləsinin hüquqi baxımdan, mümkün olmadığını xatırlatmaq məcburiyyətində qalıb. Erməni baş nazir isə bu mövzunu daha da inkişaf etdirərək, “Qarabağ hərəkatı”nın ləgv olunmasının vacibliyini vurğulayıb. O, Ermənistanın Azərbaycanla qarşılıqlı ərazi bütövlüyünü tanındığını bir daha təsdiqləyib. Və bu yanaşma Ermənistanın uzun illərdən bəri davam etmiş əsas siyasi narrativində ciddi düzəlişin baş verdiyini göstərir.
Maraqlıdır ki, enerji faktoru Putin-Paşinyan danışıqlarında önəmli təsir və təzyiq aləti kimi ön plana çıxıb. Belə ki, prezident Vladimir Putin Ermənistan üçün tətbiq olunan qaz qiymətlərini (1000 kubmetr üçün 177 dollar) Avropa bazarındakı real qiymətlərlə (1000 kubmetr üçün 600 dollar) müqayisə edərək, Rusiyanın qarşı tərəfə tanıdığı geniş iqtisadi-ticari güzəştləri xüsusi olaraq, vurğulayıb. Bu müqayisə isə onu göstərir ki, Rusiya enerji siyasətindən yalnız iqtisadi deyil, həm də geopolitik təsir və təzyiq mexanizmi kimi istifadə edir. Və bu isə Ermənistan üçün enerji təhlükəsizliyi ilə xarici siyasət kursu arasında birbaşa əlaqənin mövcud olduğunu təsdiqləyir.
Onu da qeyd etmək lazımdır ki, baş nazir Nikol Paşinyanın Azərbaycan ərazisi vasitəsilə Rusiyaya ixrac planlarının olması barədə açıqlaması isə Cənubi Qafqaz regionunda yeni iqtisadi-ticari reallıqların formalaşmaqda olduğunu göstərir. Bu, Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılması və iqtisadi-ticari inteqrasiyanın güclənməsi istiqamətində atılan önəmli addım kimi də qiymətləndirilə bilər. Və belə bir inkişaf modeli həm Azərbaycanın tranzit ölkə rolunu gücləndirəcək, həm də Ermənistanın uzunmüddətli iqtisadi izolyasiyadan çıxmasına münbit şərait yaradacaq.
Digər tərəfdən, KTMT ilə bağlı mübahisəli fikirlər isə Rusiya və Ermənistan arasında təhlükəsizlik arxitekturası ilə bağlı yaranmış dərin böhranı növbəti dəfə üzə çıxarır. Çünki baş nazir Nikol Paşinyanın Ermənistan cəmiyyətinə bu hərbi-siyasi təşkilatın Qarabağ məsələsindəki passiv mövqeyini izah edə bilmədiyini xüsusi olaraq, vurğulaması Kremlə dolayısı mesaj xarakteri daşıyır. Və bu, onu göstərir ki, rəsmi İrəvan artıq ənənəvi təhlükəsizlik mexanizmlərinə əvvəlki kimi etibar etmir və alternativ himayə istiqamətləri axtarışındadır.
Maraqlıdır ki, Moskva görüşü zamanı Kremlin Ermənistandakı ölkədaxili siyasi proseslərə dolayısı ilə müdaxilə etmək cəhdləri də ortaya çıxmış oldu. Belə ki, prezident Vladimir Putin Ermənistanda Rusiyapərəst qüvvələrin mövcudluğunu qeyd edərək, ölkəsinin onların siyasi proseslərdə iştirakında maraqlı olduğuna eyham vurdu. Ancaq baş nazir Nikol Paşinyan “Ermənistanın demokratiya prinsiplərinə sadiqliyi”ni vurğulayaraq, yalnız ölkə vətəndaşlarının seçkilərdə iştirak edə biləcəyini qabartdı. Və bu dialoq tərəflər arasında yalnız xarici deyil, həm də daxili siyasətə təsir məsələsində də ciddi ziddiyyətlərdən qaynaqlanan gərginliyin mövcud olduğunu göstərir.
Bütün bu ziddiyyətli məqamlardan belə anlaşılır ki, Moskva görüşü ilə Ermənistan-Rusiya münasibətlərində artıq yeni mərhələnin başlanğıcı qoyulmaq üzrədir. Yəni, Ermənistan getdikcə, daha çətin geopolitik seçim qarşısında qalmağa başlayıb və rəsmi İrəvanın israrla qorumağa çalışdığı balans siyasəti artıq gözlənilən nəticədən çox-şox uzaqdır. Və buna paralel olaraq, Kreml isə Cənubi Qafqaz regionunda Rusiyanın təsir mexanizmlərini qorumaq üçün daha sərt və təhdidkar mövqe tutmağa üstünlük verir.
Belə anlaşılır ki, Kreml Paşinyan hakimiyyətinə açıq şəkildə son xəbərdarlıq mesajı vermək qərarına gəlib. Çünki prezident Vladimir Putinin Rusiya və Ermənistan arasında ticarət dövriyyəsinin 11 milyard dolları aşdığını, bu göstəricinin isə Azərbaycanla müqayisədə təxminən iki dəfə çox olduğunu vurğulaması qətiyyən boşuna deyil. Üstəlik, Kreml sahibi ticarət dövriyyəsinin təxminən 6-7 milyard dollarlıq hissəsinin də məhz Ermənistanın kənd təsərrüfatı məhsullarının payına düşdüyünü də xüsusi olaraq, qabardıb.
Göründüyü kimi, Kreml dolayısı ilə rəsmi İrəvana Azərbaycanın müstəqil xarici siyasət yürütməsini örnək alaraq, həvəslənməyin Ermənistan üçün yolverilməz olduğuna eyham vurur. Yəni, Azərbaycan heç bir sahə üzrə Rusiyadan asılı vəziyyətdə deyil və ona görə də, Rusiyadan çəkinmədən müstəqil qərarlar qəbul etməkdə çətinlik çəkmir. Ancaq Rusiya 6-7 milyard dollarlıq kənd təsərrüfatı məhsilları ilə bağlı “ticarət pəncərəsi”ni qapadarsa, yaxud enerji resurslarının qiymətini qaldırarsa, bu, Ermənistan iqtisadiyyatı üçün dağıdıcı nəticələr doğura bilər. Və bu baxımdan, Kreml rəsmi İrəvana Rusiyadan çox uzaqlaşmağın Ermənistana böyük fəlakətlər vəd etdiyi barədə son xəbərdarlıq mesajını vermiş oldu.
Elçin XALİDBƏYLİ,
“Yeni Müsavat”


























