Rusiyada Orlan-10 dronlarının istehsalçısı olan şirkət ABŞ, Çin və Rusiyadakı araçı şirkətlərin vasitəsilə sanksiyalardan yan keçərək Qərbdə istehsal olunmuş komplektləşdirici hissələri ala bilir.
Bu barədə “Vajnıye istorii” saytının, Reuters agentliyinin və Britaniyanın Müdafiə Tədqiqatları İnstitutunun (RUSI) təhqiqatının hesabatında deyilir.
Rusiyada pilotsuz uçan aparatları (PUA) istehsal edən Xüsusi Texnoloji Mərkəz (XTM) Rusiyanın Baş Kəşfiyyat İdarəsinə (GRU) radioelektron kəşfiyyatında kömək etdiyinə görə hələ 2016-ci ildə ABŞ-ın sanksiya siyahısına salınıb.
RUSI-nin məlumatına görə Orlan PUA-larında istifadə edilən komponetlər ABŞ-ın Altera və Xilinx, Texas Instruments, Microchip Technology, Analog Devices, Linear Technology, Avropanın STMicroelectronics və NXP Semiconductors, Yaponiyanın Renesas Electronics və Saito Seisakusho şirkətlərində istehsal olunur.
XTM-ni xarici komplektləşdirici hissələrlə Rusiyanın SMT-Ayqolik şirkəti təchiz edir.
Bu şirkət 2017-ci ildən Rusiyaya 70 milyon dollarlıq mal idxal edib.
Rus soyadlı amerikalılar
XTM isə SMT-Ayqolik şirkətinin əsas alıcısıdır. XTM bu şirkətə bu ilin yanvar-may aylarında 20 milyon dollar ödəyib.
SMT-Ayqolik öz növbəsində xarici komplektləşdirici hissələri Honq Konqun Asia Pacific Links şirkətindən alır.
Bu şirkətin sahibi rusuiyalı Anton Trofimovdur.
Asia Pacific Links SMT-Ayqolik şirkətinə 2017-ci ildən bəri 12 milyon dollarlıq komplektləşdirici hissə ixrac edivb.
Təhqiqat hesabatında deyilir ki, SMT Ayqolik şirkətinin Rusiyaya idxal etdiyi malların demək olar hamısı Çindən gətirilib.
Bu malların gömrük sənədlərində onların qeyri-hərbi təyinatlı olduğu göstərilib.
XTM komponentlərin bir hissəsini Rusiyanın Sitilink şəbəkəsindən alır. XTM bu ilin yanvarından may ayınadək bu şəbəkədən 4,6 milyon dollarlıq mal alıb.
Bundan başqa SMT Ayqolik şirkəti Orlan dronlarının istehsalı üçün ABŞ-ın Ik Tech şirkətindən də komponentlər alıb.
Bu şirkəti də ABŞ vətəndaşlığı olan rusiyalı İqor Kajdan (Aleks Stenton) təsis edib.
Rusiyanın ən uğurlu dronu
Ik Tech 2018-2021-ci illər arasında Rusiyaya 2.2 milyon dollarlıq mal satıb. Bunun 90 faizindən çoxu SMT Ayqolik şirkətinin sifarişlərindən qazanılıb.
Bu malların arasında, məsələn 1400-dək GUM3703FEBY prosessor modulları olub.
Gumstix şirkətinin istehsal etdiyi bu modullar Ukraynada vurulmuş Orlan dronlarında tapılıb.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən iki həftə əvvəl Kajdan Rusiyaya hərbi və ya ikili təyinatlı malların qaçaqmalçılığı ittihamı ilə həbs olunub.
Rusiya 2014-cü ildən bəri Orlan dronlarından kəşfiyyat və hədəfin nişan alınması üçün istifadə edir.
Bundan başqa bu dronlardan radio danışıqlarını “tutmaq” və rabitə şəbəkələrini “boğmaq” üçün istifadə oluna bilər.
Almaniyanın Bild qəzeti yazırdı ki, bu dronlardan Ukrayna hərbçilərinə təbliğat məzmunlu məlumatlar göndərilib.
Hərbi ekspertlər Orlan dronunu Rusiyanın ən uğurlu PUA-sı hesab edirlər.