Sabirabadda Sərxanbəyli kənd sakinləri olan yaxın qohumlar arasında kütləvi dava olub. Hadisə nəticəsində 3 nəfər xəsarətlər alıb.
Vətəninfo.az xəbər verir ki, qoyunçuluqla məşğul olan Ələsgər Heybətov və onun iki övladı əmioğluları tərəfindən hücuma məruz qalıblar. Şirvan və Şəhliyar Heybətovlar oğulları ilə birgə döyülən şəxsin minik avtomobilinə də ciddi ziyan vurublar.
Xəsarət alan şəxslərdən biri – Elşən Heybətov hadisənin təfərrüatını Baku TV-yə danışıb.
“Qardaşım zəng etdi ki, tez gəl, qoyunlarımın qarşısını kəsiblər. Gedən kimi maşından ağac, kürək götürüb üstümüzə töküldülər. Atamı vurdular, qardaşımı suya atdılar. Atamı güclə maşına qoydum. Qolum, qarnım pis vəziyyətdədir”, – o qeyd edib.
Zərərçəkənlər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Tibb müəssisəsindən bildirilib ki, döyülən şəxslərin müalicəsi ciddi nəzarət altındadır və onların tezliklə evə buraxılması təmin ediləcək.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyində də araşdırmalara başlanılıb.
Qeyd edək ki, hücumda iştirak edən Şəhliyar Heybətov Şamaxı Rayon Polis İdarəsinin əməkdaşıdır.