image-sa1backend

Sahibə Qafarova Qazaxıstan Parlamenti  Senatının sədri  ilə görüşdü

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, martın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Almatı şəhərində bu ölkə Parlamenti Senatının sədri Maulen Aşımbayev ilə görüşüb.

Milli Məclisin  sədrini salamlayan Maulen Aşımbayev ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirərək, qeyd edib ki, Azərbaycan Qazaxıstan üçün çox mühüm və etibarlı tərəfdaşdır. O, xalqlarımızın oxşar tarixə malik olduğunu, müstəqillik illərində münasibətlərin böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb.

Maulen Aşımbayev iki ölkə  arasında  münasibətlərin inkişafına qanunverici orqanların özünəməxsus töhfələr verdiyini söyləyib. Onun sözlərinə görə, parlamentlər arasında əlaqələrin inkişafı qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir.

Parlament Senatının sədri Azərbaycanın Prezident cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində Vətən müharibəsində əldə etdiyi şanlı qələbə və ərazi bütövlüyünü bərpa etməsi münasibətilə bir daha təbriklərini ifadə edərək, bu qələbənin bütün Türk dünyasının qələbəsi olduğunu bildirib. Senatın sədri həmçinin işğaldan azad olunmuş ərazilərin bərpası məsələsində Qazaxıstanın istənilən dəstəyi göstərməyə hazır olduğunu qeyd edib.

Görüşdə Maulen Aşımbayev cari ilin yanvar ayında ölkəsində baş vermiş faciəvi hadisələr barədə məlumat verərək, göstərilən dəstəyə görə, Azərbaycan xalqına minnətdarlığını ifadə edib.

Göstərilən qonaqpərvərliyə görə öz təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikası Parlamenti Senatının sədri ilə bundan əvvəl keçirdiyi görüşləri xatırladaraq, aparılan danışıqların qanunverici orqanlarımız arasında münasibətlərin dərinləşməsinə töhfə verdiyini bildirib. O, parlamentlərin ölkələrimiz arasında münasibətlərdə körpü rolunu oynadığını qeyd edərək, qanunverici orqanlarımız arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Spiker Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün böyük imkanlar yaradan TürkPA çərçivəsində qarşılıqlı fəaliyyəti xüsusilə qeyd edib.

Milli Məclisin sədri deyib ki, xalqlarımızı ortaq tarix, mədəni və mənəvi dəyərlər birləşdirir. Müstəqillik illərində isə ölkələrimiz arasında münasibətlər daha da dərinləşib. Onun sözlərinə görə, hazırda münasibətlərin hərtərəfli inkişafına dair möhkəm hüquqi baza mövcuddur.

Görüşdə spiker Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranmış yeni reallıq barədə də məlumat verərək, bildirib ki, Azərbaycan bu qələbə sayəsində öz ərazi bütövlüyünü bərpa edib və işğala son qoyub. Artıq Ermənistanla Azərbaycan arasında münaqişə mövcud deyil. Ölkəmiz hazırda işğaldan azad etdiyi ərazilərinin bərpasını həyata keçirir.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan regionda daimi sülh və sabitliyin təmin olunmasını istəyir. Ölkəmiz bütün  ölkələrin  suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və özünün də ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini tələb edir.

Sahibə Qafarova deyib ki, Ermənistan yenə də təxribatlarını davam etdirir. Spikerin sözlərinə görə, Üçtərəfli Bəyanatın dördüncü bəndinə əsasən, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır. Lakin təəssüf ki, onlar bu günə qədər bu öhdəliklərini yerinə yetirməyiblər. Əksinə, son dövrlərdə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribatları daha da artırıb. Milli Məclisin sədri deyib ki, Ermənistan regionda yeni reallığı düzgün qiymətləndirməli, sülh və sabitliyin bərqərar olması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

Sahibə Qafarova xatırladıb ki, cari ilin yanvar ayında Qazaxıstanda baş verən faciəvi hadisələr Azərbaycanda da narahatlıqla izlənilib və o, artıq həmin hadisələrin geridə qaldığını, qazax xalqının bütün çətinliklərin öhdəsindən gələcəyinə inamını ifadə edib.

Görüşdə qarşılıqlı maraq doöuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image