Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ötən payız sessiyasında görülən işlər barədə hesabat verib.
Veteninfo.az xəbər verir ki,Komitənin bu gün keçirilən iclasında sədr Tahir Mirkişili çıxış edərək, hesabat dövründə komitənin 16 iclasının keçirildiyini vurğulayıb. Komitə sədrinin sözlərinə görə, müzakirə olunan 133 məsələ arasında “Turizm haqqında” qanunun qəbul edilməsi, Vergi Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Banklar haqqında”, “Büdcə sistemi haqqında” və “Lotoreyalar haqqında” qanunlarda dəyişiklik edilməsi və digər qanun layihələri yer alıb:
“Bununla bərabər, sessiya ərzində “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələri geniş müzakirə olunub. Komitə iclaslarında hökumət nümayəndələri, QHT və ictimai təşkilatların təmsilçiləri iştirak edib, öz rəy və təkliflərini veriblər. Bundan başqa, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi hesabat dövründə müxtəlif dövlət qurumları, ictimai təşkilatlar və sahibkarlarla görüşlər keçirib, real sektorun müxtəlif məsələləri müzakirə edilib. Eyni zamanda, komitənin ünvanına daxil olmuş ərizə və müraciətlərə baxılması sahəsində müntəzəm iş aparılıb, vətəndaşlar qəbul olunub, qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb”.
T. Mirkişili onu da əlavə edib ki, sessiya müddətində sahibkarlardan komitəyə bir sıra təkliflər daxil olub, bununla bağlı üç işçi qrupu yaradılıb və onlar öz işini davam etdirəcək.