image-76backend

Səfər Mehdiyev: “Qısa zaman kəsiyində əldə olunan qələbə asan başa gəlmədi”

image-reklam_sirab_01

Bu gün Dövlət Gömrük Komitəsində Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Veteninfo.az-ın Komitəyə istinadən verdiyi məlumata görə, mərasimdə Komitə rəhbərliyi, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər iştirak ediblər.

Öncə Vətən uğrunda canından keçən qəhrəman övladların – bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycanın dövlət himni səslənib.

Sonra Vətən müharibəsinə həsr olunan videoçarx təqdim edilib.

Mərasimdə giriş nitqi ilə çıxış edən DGK sədri Səfər Mehdiyev tarixi qələbəmizin birinci ildönümü ərəfəsində şəhid ailələri və qazilər ilə görüşün Komitənin kollektivi üçün böyük fəxr olduğunu bildirib.

O vurğulayıb ki, Vətənin dar günündə tərəddüd etmədən onun müdafiəsinə atılan və öz doğmalarını iftixarla cəbhəyə yola salan vətəndaşlar qürur mənbəyimizdir və yalnız onların sayəsində Azərbaycan xalqı bir daha tarixin çətin sınağından alnıaçıq, üzüağ çıxıb.

Vətən müharibəsinin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd edən Səfər Mehdiyev bildirib ki, beynəlxalq aləm müharibənin ilk günlərindən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qətiyyəti, Azərbaycan əsgərinin rəşadəti və xalqımızın birliyinin şahidi oldu. Ordumuz 28 il düşmən tapdağında qalan torpaqları 44 günə geri qaytarıb.

Komitə sədri onu da qeyd edib ki, Vətən müharibəsinin ilk günlərindən gömrükçülər də istər arxa, istərsə də ön cəbhədə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıblar. Minlərə gömrük əməkdaşı könüllü olaraq ordu sıralarına yazılıb, onlardan 60 nəfəri döyüşlərdə iştirak edib, bir nəfər gömrük əməkdaşı Ülvi Haciyev isə şəhidlik zirvəsinə yüksəlib.

“Əlbəttə, qısa zaman kəsiyində əldə olunan qələbə asan başa gəlmədi. 3 minə qədər vətən övladı qəhrəmancasına şəhid oldu. Yüzlərlə əsgər və zabitimiz müxtəlif dərəcəli bədən xəsarətləri aldı, sağlamlığını itirdi”, – deyə S. Mehdiyev vurğulayıb ki, Zəfər Gününü, qələbə sevincini Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həmin insanlara borcluyuq.

Bildirilib ki, bu gün dövlətimiz, onun rəhbəri Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərimizin hərtərəfli qayğı ilə əhatə olunması, onların sosial-məişət problemlərinin həlli üçün bütün zəruri tədbirlər həyata keçirilir. Dövlət Gömrük Komitəsi də bu istiqamətdə 44 nəfərşəhid ailəsi üzvləri və qazilərimizin daimi işlə təmin olunması üçün addımlar atıb.

S. Mehdiyev gömrük xidmətinə qəbul olunan həmin şəxslərlə bir arada olmaq, çiyin-çiyinə çalışmağın böyük şərəf olduğunu deyib, onlara uğurlar arzulayıb.

Sonra gömrük orqanlarına işə qəbul olunanlar adından çıxış edən Vətən müharibəsi iştirakçıları-İlqar Əliyev və İqbal Səfərov Müzəffər Ali Baş Komandan İlham Əliyevə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər, dövlətin iqtisadi müstəqilliyinin keşiyində duran gömrük orqanlarında xidmətdən daim qürur duyacaqlarını və bu yolda da öz səylərini əsirgəməyəcəklərini vurğulayıblar.

Daha sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev gömrük xidmətinə qəbul olunan şəhid ailəsi üzvü və qazilərə rütbə və vəsiqələr təqdim edib.

Sonda şəhid və qazilərin valideynləri adından çıxış edənlər şəhidlərimizin qanının yerdə qalmadığını, tarixi bir qələbənin qazanıldığını və bu qələbədə hər bir əsgərin Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirdiyini söyləyiblər. Onlar şəhid ailələrinə, qazilərə xalqımızın və dövlətimizin qayğısından razı qaldıqlarını ifadə ediblər.

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki