Sentyabrın 2-də “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı” layihəsi çərçivəsində onlayn (zoom proqramı) tədbir-konfransı keçirilib.
Tədbir-konfransı giriş sözü ilə “Vətən Bağı” STİB-in sədri, layihənin rəhbəri Emin Tarverdiyev açıb, şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anılıb, dövlət himni səsləndirilib. Layihə rəhbəri bu gün baş tutan təlimin mahiyyəti və aktuallığını iştirakçılara anladıb, dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqətdən danışıb. Həmçinin belə layihələrin həyata keçirilməsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin də rolunun danılmaz olduğunu bildirib.
Emin Tarverdiyev layihənin təlimçisi Samir Mehdiyev haqqında iştirakçilara məlumat verib, onun bu sahədə həqiqətən də savadlı mütəxəssis olduğunu vurğulayıb.
Sonra söz təlimçi, rəqəmsal marketinq üzrə ekspert Samir Mehdiyevə verilib. O, ilk təlimdə sosial media ilə tanışlıq, kiçik və orta bizneslər üçün sosial media statistikalarından bəhs edib, bu gün rəqəmsal bacarıqların inkişafında mühüm elementləri diqqətə çatdırıb. S.Mehdiyev vurğulayıb ki, bu gün sosial medianın dərinliklərinə yiyələnənlər sərbəst şəkildə öz bizneslərini qurmaqda heç bir çətinlik yaşamırlar. “O cümlədən istənilən şirkətin idarəçisi olmaqla həmin şirkəti uğura daşıya bilirlər” – deyə təlimçi qeyd edib.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlim 2 qrup üzrə, hər qrupa 1 saat onlayn olaraq keçirilib.